Modern.az

İqtisadi diplomatiya və Balkanlara açılan yeni imkanlar

İqtisadi diplomatiya və Balkanlara açılan yeni imkanlar

Parlament

16 Fevral 2026, 22:19

Prezident cənab İlham Əliyevin 15 fevral tarixində Serbiya Respublikasına rəsmi səfəri və səfər çərçivəsində verdiyi bəyanatlar Azərbaycan–Serbiya münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Səfər təkcə diplomatik protokol xarakteri daşımır, həm də iki ölkə arasında formalaşmış strateji tərəfdaşlığın institusional və iqtisadi əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edir. Uzun illərə söykənən siyasi dialoq, qarşılıqlı etimad və liderlər arasında formalaşmış şəxsi münasibətlər bu əməkdaşlığın əsas dayağı kimi çıxış edir. Prezident cənab İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqam dövlət suverenliyi və milli maraqların qorunması məsələsidir. Azərbaycanın və Serbiyanın tarixində dövlətçilik uğrunda mübarizə mühüm yer tutur. Hər iki ölkə üçün ərazi bütövlüyü və suverenlik prinsipial xarici siyasət xəttinin əsasını təşkil edir. Bu kontekstdə beynəlxalq platformalarda qarşılıqlı dəstək mexanizmi təkcə siyasi həmrəylik deyil, həm də strateji koordinasiya modelidir. Bu yanaşma geosiyasi qeyri-müəyyənliklərin artdığı bir dövrdə orta güclər üçün rasional təhlükəsizlik strategiyası kimi qiymətləndirilə bilər. Serbiya–Azərbaycan Strateji Şurasının birinci iclası münasibətlərin strukturlaşdırılmış formatda inkişafına keçidi nümayiş etdirir. Strateji şura mexanizmi tərəflərə əməkdaşlığı epizodik təmaslardan sistemli və uzunmüddətli planlaşdırma mərhələsinə keçirməyə imkan yaradır. Bu platforma siyasi dialoqla yanaşı, iqtisadi, enerji, nəqliyyat və investisiya sahələrində konkret layihələrin icrasını koordinasiya etmək üçün institusional çərçivə formalaşdırır. Energetika sahəsi əməkdaşlığın əsas sütunlarından biri kimi ön plana çıxır. Azərbaycanın Serbiyaya təbii qaz ixracına başlaması və ixrac həcminin artırılması barədə qərar Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanın Avropa enerji bazarındakı rolunun genişlənməsinin tərkib hissəsidir. Serbiyanın qazı elektrik enerjisinə çevirməsi və bunun həm daxili bazar, həm də potensial ixrac üçün istifadəsi regional enerji inteqrasiyasını gücləndirir. Bu model enerji təhlükəsizliyinin şaxələndirilməsi baxımından Avropa üçün də strateji əhəmiyyət daşıyır. Birgə elektrik stansiyasının tikintisi ilə bağlı razılaşma isə əməkdaşlığın növbəti mərhələsini ifadə edir. Azərbaycan kapitalının Serbiyada enerji infrastrukturuna yatırılması investisiya iqliminə verilən yüksək qiymətin göstəricisidir. Enerji istehsal güclərinin artırılması təbii resursları məhdud olan ölkələr üçün iqtisadi müstəqilliyin və davamlı inkişafın əsas şərtidir. Bu baxımdan layihə həm iqtisadi, həm də strateji təhlükəsizlik baxımından qarşılıqlı fayda yaradır. Azərbaycanın 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücü yaratmaq planı ölkənin enerji strategiyasının miqyasını göstərir. Bərpaolunan enerji stansiyalarının tikintisi və ixrac potensialının artırılması Azərbaycanın Avropa məkanında “yaşıl enerji” təchizatçısı kimi mövqeyini gücləndirəcək. Bu kontekstdə Serbiya ilə əməkdaşlıq yalnız qaz ixracı ilə məhdudlaşmır, həm də alternativ və bərpaolunan enerji sahəsində texnoloji və investisiya tərəfdaşlığını əhatə edir. Yeni transmissiya xətlərinin yaradılması və regional enerji şəbəkələrinin inteqrasiyası iki ölkə üçün əlavə iqtisadi dividentlər vəd edir. İmzalanmış sənədlər və yenilənmiş razılaşmalar münasibətlərin hüquqi bazasını daha da möhkəmləndirir. İkitərəfli münasibətlərin hüquqi çərçivəsinin genişləndirilməsi biznes dairələri üçün proqnozlaşdırıla bilən mühit yaradır və investisiya risklərini azaldır. Xüsusilə energetika və infrastruktur sahələrində uzunmüddətli müqavilələrin mövcudluğu kapital qoyuluşlarının davamlılığını təmin edən əsas faktordur. Səfər həm də iqtisadi diplomatiyanın gücləndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın xarici investisiya siyasəti artıq təkcə enerji ixracı ilə məhdudlaşmır, həm də xaricdə birbaşa sərmayə qoyuluşları vasitəsilə dəyər zəncirinin müxtəlif mərhələlərinə inteqrasiyanı nəzərdə tutur. Serbiya bazarı Balkan regionuna çıxış üçün əlverişli platforma rolunu oynaya bilər. Eyni zamanda, Serbiya üçün Azərbaycan Cənubi Qafqaz və Xəzər hövzəsi ilə iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm tərəfdaşdır. Prezident cənab İlham Əliyevin səfər zamanı vurğuladığı qarşılıqlı səfərlərin davamlılığı və yüksək səviyyəli dialoqun intensivliyi əməkdaşlığın siyasi iradə səviyyəsində prioritet olduğunu göstərir. Bu isə imzalanan razılaşmaların kağız üzərində qalmayaraq real iqtisadi nəticələrə çevrilməsi üçün vacib şərtdir. Onu bildirməliyik ki, bu səfər Azərbaycan–Serbiya münasibətlərinin strateji tərəfdaşlıqdan praktik iqtisadi inteqrasiya mərhələsinə keçidini nümayiş etdirir. Energetika, investisiya və infrastruktur layihələri üzərində qurulan bu əməkdaşlıq modeli qarşılıqlı suverenlik prinsiplərinə hörmət, siyasi etimad və uzunmüddətli planlaşdırma üzərində formalaşaraq regionda sabitlik və iqtisadi inkişaf üçün mühüm platforma yaradır.

Tahir Mirkişili

Milli Məclisin deputatı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar