Ötən gün Bakıda, Özbəkistanın Azərbaycandakı səfirliyində Azərbaycan-Özbəkistan parlamentlərarası işçi qrupunun üzvləri ilə səfir və diplomatik nümayəndəliyin əməkdaşları arasında geniş tərkibli görüş keçirilib.
Modern.az-ın məlumatına görə, tədbirdə parlamentlərarası işçi qrupunun rəhbəri Eldar İbrahimov, üzvlər Əhliman Əmiraslanov, Cavanşir Feyziyev, Eldar Quliyev, Ağalar Vəliyev, Polad Bülbüloğlu, Musa Quliyev, Cavanşir Paşazadə, Səttar Mehbalıyev və Günay Əfəndiyeva iştirak ediblər.
İşçi qrupunun rəhbəri Eldar İbrahimov çıxışında iki ölkə arasında münasibətlərin hazırda ən yüksək səviyyədə olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan ilə Özbəkistan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu münasibətlər qarşılıqlı etimada, ortaq tarixi köklərə və siyasi iradəyə söykənir.
Azərbaycan-Özbəkistan parlamentlərarası işçi qrupu Milli Məclisdə Türkiyədən sonra say baxımından ən böyük ikinci dostluq qrupu olduğunu deyən sədr bildirib ki, bu fakt özlüyündə münasibətlərin prioritet xarakter daşıdığını göstərir. O, deputatların fəal iştirakının, müzakirələrin əhatəliliyi və qarşılıqlı maraq doğuran məsələlərin açıq şəkildə gündəmə gətirilməsini əlaqələrin bütün müstəvilərdə inkişaf etməsi kimi qeyd edib.
Eldar İbrahimov xüsusilə hər iki ölkə prezidentləri, İlham Əliyev və Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq münasibətlərini önə çəkib. Onun sözlərinə görə, dövlət başçıları səviyyəsində mövcud olan bu yaxınlıq bütün sahələrdə əməkdaşlığın sürətlə genişlənməsinə mühüm təkan verir.
Görüşdə Azərbaycan üçün həssas və prinsipial mövzu olan Qarabağ məsələsinə də toxunulub.
E. İbrahimov qeyd edib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev işğaldan azad edilmiş ərazilərə dəflərlə səfər edərək Azərbaycanın ərazi bütövlüyünə və bərpa prosesinə açıq dəstək nümayiş etdirib.
Xüsusilə Füzuli şəhərində Özbəkistan tərəfindən inşa edilən 960 şagird yerlik i tam orta məktəb, bundan əlavə, Xankəndidə yüngül sənaye sahəsində, tikiş fabriki layihəsinin həyata keçirilməsini Eldar İbrahimov Özbəkistanın Qarabağın bərpasına real töhfəsinin göstəricisi kimi dəyərləndirib.
İşçi qrupunun rəhbəri bildirib ki, Azərbaycan-Özbəkistan qardaşlığı yalnız müasir siyasi reallıqlarla məhdudlaşmır. Bu, ortaq tarixə, adət-ənənələrə, dil və din birliyinə əsaslanır. O vurğulayıb ki, xalqlar arasında mövcud olan mənəvi yaxınlıq dövlətlərarası münasibətlərin möhkəm bünövrəsini təşkil edir.
Görüşdə Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin iştirakına da xüsusi diqqət çəkilib. Eldar İbrahimov vurğulayıb ki, iki ölkənin ağsaqqalları arasında da sıx və səmimi əlaqələr mövcuddur ki, bu da münasibətlərin dərin ictimai dayaqlara malik olduğunu göstərir.
Eldar İbrahimov xatırladıb ki, bundan əvvəl prezidentlər səviyyəsində səfirlikdə keçirilən görüşlər də qardaşlığın bariz nümunəsi olub. Həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin səfirliyə ziyarəti də dini-mənəvi müstəvidə əlaqələrin möhkəmliyini göstərən amillərdəndir. İndi isə parlamentlərarası işçi qrupunun səfirlikdə görüşü bu ardıcıl təmasların davamıdrə və münasibətlərin inkişafında mühüm rol oynayır.
Eldar İbrahimov eyni zamanda Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin fəaliyyətinə də toxunub. O bildirib ki, ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə bu cəmiyyətə uzun illərdir rəhbərlik edir.
Cəmiyyət iki ölkə arasında mədəniyyət günlərinin təşkili, ədəbi-bədii gecələr, qarşılıqlı səfərlər, tələbə mübadiləsi təşəbbüsləri və ortaq konfransların keçirilməsi ilə əlaqələrin ictimai əsaslarını gücləndirib. Humanitar körpülərin qurulması, ziyalıların və iş adamlarının qarşılıqlı təmaslarının təşviqi də cəmiyyətin fəaliyyət istiqamətlərindəndir.
Görüşdə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov çıxış edərək nümayəndə heyətinə təşəkkürünü bildirib və münasibətlərin inkişafından məmnunluğunu ifadə edib.
Eldar İbrahimov Səfirliyin Xatirə kitabına xoş arzularını yazıb.
Qeyd edək ki, Özbəkistanın Azərbaycandakı səfirliyi diplomatik korpuslar arasında ən böyük və Bakının ən görməli məkanlarından birində yerləşən diplomatik nümayəndəliklərdən biridir ki, bu da rəsmi şəkildə ölkələrin biri-birinə verdiyi önəmin göstəricisidir.
Azərbaycan-Özbəkistan münasibətləri həm də Türk dünyasında inteqrasiyanın uğurlu nümunəsidir.
Azərbaycan-Özbəkistan parlamentlərarası işçi qrupu Türkiyədən sonra say baxımından ən böyük ikinci dostluq qrupudur. Bu fakt da özlüyündə münasibətlərin prioritet xarakter daşıdığını göstərir.