Modern.az

Milli Məclisdə həkimlərə ödənilən vəsaitlə bağlı məsələ qaldırıldı

Milli Məclisdə həkimlərə ödənilən vəsaitlə bağlı məsələ qaldırıldı

Parlament

Bu gün, 12:18

Qanunvericiliyə, o cümlədən Miqrasiya Məcəlləsinə və “İcra haqqında” Qanuna əsasən, vergi və digər məcburi ödənişlər üzrə borcu olan şəxslərin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Bu, beynəlxalq praktikada da tətbiq olunan normal bir mexanizmdir. Lakin praktikada müəyyən problemlərə rast gəlinir. 


Modern.az xəbər verir ki, Milli Məclisin bugün keçirilən plenar iclasında bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) illik məruzəsinin müzakirəsi deputat Azay Quliyev bildirib.

Deputat qeyd edib ki, bəzi hallarda vergi borcu ilə bağlı vətəndaşa əvvəlcədən bildiriş göndərilmədən, onu məlumatlandırmadan, bələdiyyə orqanlarının müraciəti əsasında icra məmuru tərəfindən ölkədən çıxışına məhdudiyyət tətbiq olunur. 


“Yəni, çıxışa məhdudiyyətin qoyulması bütün mərhələləri keçdikdikdən sonra son addım kimi tətbiq olunmalıdır, yoxsa, hər borcu olanı dərhal siyahıya salıb ölkədən çıxışına məhdudiyyət qoymaq doğru deyil. Nəticədə vətəndaş bu barədə yalnız hava limanında məlumat alır və ailəsi ilə birgə hazırladığı səyahət planları pozulur. Hətta, mənə daxil olmuş müraciətlərdən birində borc kimi göstərilən əmlak vergisinin vətəndaşa məxsus olmayan əmlaka görə hesablandığı da qeyd edilmişdir. Bu hallar onu göstərir ki, bəzi qurumlar məsələni tam və hərtərəfli araşdırmadan qərar qəbul edir və bu da vətəndaşların haqlı narazılığına səbəb olur”.


Azay Quliyev qeyd edib ki, ölkədə hələ də həkimlik hüququ olmadan cərrahi əməliyyatlar həyata keçirən və lisenziyasız fəaliyyət göstərən tibb müəssisələri mövcuddur. Bu cür halların nəticəsində vətəndaşlar ya həyatlarını itirir, ya da sağlamlıqlarına ciddi zərər dəyir.
“Sual olunur: belə hallara necə imkan verilir? Belə çıxır ki, şikayət olmasaydı bu tip müəssisələr və şəxslər qanunsuz fəaliyyətlərini davam etdirəkdilər. Hesab edirəm ki, aidiyyəti qurumlar şikayəti gözləmədən belə halları aşkarlamalı və qarşısını almalıdırlar ki, insanların sağlamlığı təhlükə altına düşməsin”.


Deputat vurğulayıb ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən qısa müddət keçməsinə baxmayaraq, bu sahədə mühüm işlər görülmüş və sistemin tam oturuşması üçün dövlətin dəstəyi hər il yüksələn xətlə artır.  
“Bununla belə, tibbi sığorta çərçivəsində hər xəstəyə görə həkimə ödənilən vəsaitin həcminə yenidən baxılması məqsədəuyğun olardı. Belə ki, bu məbləğin təxminən 2 manat 40 qəpik olması və bu vəsaitin 2-3 ay gecikmə ilə ödənilməsi həkimlərin göstərdiyi xidmətin qarşılığına uyğun deyil, bəzən bu kimi hallar ixtisaslı həkimlərin daha yüksək maaş naminə xarici ölkələrə getməsinə səbəb olur. Eyni zamanda, vətəndaşların tibbi sığortadan istifadə edərkən xəstəxana seçimi ilə bağlı qoyulan məhdudiyyətlərin aradan qaldırılması və ya ən azı seçim imkanlarının genişləndirilməsiniə də baxmaq lazımdır. Belə ki, bu məhdudiyyət səbəbindən uzun illər müəyyən həkimin nəzarətində olan vətəndaş həmin həkim onun sığorta sisteminə daxil olan tibb müəssisəsində çalışmadıqda ya bu xidmətdən məhrum olur, ya da sığortadan yararlana bilmir. Ona görə də yaxşı olardı ki, xəstələrə həkim seçimində sərbəstlik verilsin”.


Bir sıra supermarketlərdə məhsulların üzərində göstərilən qiymətlə kassada tələb olunan məbləğ arasında fərqlər müşahidə olunur:
“Yəni, kassada daha yüksək məbləğ tələb edilir və nəticədə vətəndaşlar aldadılır. Hesab edirəm ki, bu məsələ də ictimaiyyəti ciddi narahat edən problemlər sırasındadır və aidiyyəti qurumlar bu kimi halların qarşısının alınması üçün daha təsirli tədbirlər görməlidirlər” - A. Quliyev sonda bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ərdoğandan ŞOK XƏBƏRDARLIQ - Türkiyə İrandakı müharibəyə qoşulur?