Modern.az

İran bunları etsə, İşçi qrupların görüşü baş tuta bilər - AÇIQLAMA

İran bunları etsə, İşçi qrupların görüşü baş tuta bilər - AÇIQLAMA

Parlament

Bu gün, 11:16

Ötən gün İran tərəfindən Naxçıvan dron hücumuna məruz qalıb. Hücum zamanı 4 vətəndaşımız xəsarət alıb, hava limanının infrastrukturuna ciddi zərər dəyib. 

Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycan Müdafiə Nazirliyi kimi rəsmi qurumlar məsələyə dərhal reaksiya verib.

Bununla belə Təhlükəsizlik Şurası Prezident İlham Əliyevin sədrliyi ilə toplantı keçirib. Prezident tərəfidən hücum çox sərt formada qınanılıb. 

Parlament diplomatiyasının özünü göstərib-göstərməyəcəyi maraq doğurur.

Yəni baş verənlərlə əlaqədar parlamentlərarası işçi qruplarının əlaqə saxlaması, məsələləri müzakirə edib-etməyəcəyi diqqətçəkən nüansdır.

Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-İran Parlamentlərarası İşçi Qrupunun üzvü Səyyad Aran bildirib ki, İranın Naxçıvanı vurması dost və qonşu dövlətin göstərə biləcəyi münasibət deyil:

“Şübhəsiz ki, bu namərd münasibətdir. Azərbaycan müstəqilliyi dövründə həmişə İranı müdafiə edib. Cənab Prezident, dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisindən İrana qarşı hər hansı bir silahlı, hərbi, siyasi məqsədlər üçün istifadə edilə bilməz. Birmənalı olaraq bu həm xalqın, həm də dövlətin mövqeyidir. Naxçıvanın dronla vurulması qeyri-insani hərəkətdir, dost və qonşu ölkəyə məxsus mövqe deyil. İrana qarşı münasibətimizdə həmişə səmimi və mehriban olmuşuq. Əksinə hadisələrlə qarşılaşmışıq.Səfirliyə namərd hücum edilmişdi. Uzun müddət çək-çevirdən sonra, beynəlxalq ictimaiyyətin rəyini filan nəzərə alaraq, həmən şəxs layiqli cəzasını aldı. Başqa məqsədlərlə də digər ölkələr İrana qarşı pis hərəkətlər edəndə o siyahıda olmamışıq. Keçən il də müəyyən hadisələr oldu, yenə də təmkinimizi qoruyaraq, İrana qarşı heç bir səhv hərəkət və münasiətə yol verməyərək onu bir dövlət kimi müdafiə etdik. Amma İranın, xüsusilə, müstəqillik dövründən sonra bizə münasibəti heç vaxt müsbət olmadı. Amma biz qonşuluq duyğularını daim saxladıq. Şübhəsiz ki, prezidentimiz demişkən bu məsələyə hüquqi qiymət veriləcək, təkrar belə bir hal olsa, İrana qarşı lazmi hərəkət sərgilənəcək. Biz artıq İranı bağışlamaq limitimizi xərcləyib qurtardıq".

S.Aran parlamentlərarası işçi quplarının məsələ ilə əlaqədar müzakirələrinin olub-olmayacağı barədə isə bunları deyib:

"İşçi qrupların görüşməsi İran tərəfindən asılıdır. İlk növbədə onlar üzr istəməli, günahlarını etiraf etməlidirlər.  İran tərəfi Azərbaycan xalqına qarşı, bu vəhşi hərəkətin səbəbini araşdırmalıdır. Bundan sonra müəyyən danışıqlar ola bilər. Hələlik top İran tərəfdədir. Hələ o barədə bir söz demək istəməzdim, amma bu sadaladıqlarımı İran tərəfi edərsə, İşçi qruplarının görüşü baş tuta bilər. Ancaq vəziyyət olduqca çətindir. İran Prezident tərəfindən onların ünvanına deyilmiş sözləri doğrultmalı, dünyanın gözü qabağında üzr istəməlidir. Nəhayət bu səhv hərəkəti edənləri cəzalandırmalıdırlar. Yalnız bundan sonra müəyyən məsələlər haqda düşünmək olar. Amma İşçi qrupunun hərəkətə keçməsi filan hazırki vəziyyədə mümkün deyil. Dövlət siyasəti var. Qoy, birinci onlar üzr istəyib, kompensasiya ödəsinlər və günahkarı tapıb cəzalandırsınlar".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi - Gündəm Masada