Modern.az

İran soydaşlarımızın Azərbaycan sevgisindən daim qıcıqlanıb - Zahid Oruc

İran soydaşlarımızın Azərbaycan sevgisindən daim qıcıqlanıb - Zahid Oruc

Parlament

6 Mart 2026, 15:50

İranın Naxçıvana etdiyi xain hücuma cavab olaraq Ali Baş Komandanımız İlham Əliyevin sərt reaksiyası və dərhal Təhlükəsizlik Şurasının iclasını keçirməsi həm siyasi, həm də hərbi addım kimi qəbul edilə bilər. Ölkə rəhbərinin çıxışı təkcə bir milli iradənin ifadəsi deyildi, eyni zamanda Vətən Müharibəsi zamanında xalqa müraciətlərin davamı sayıla bilər. İran rəhbərlərinin daim xalqımıza, dövlətimizə və qələbəmizə qarşı apardığı təfriqə fəaliyyətləri tam ifşa olundu. Ölkə rəhbərimiz çıxışı ilə az qala minillik iradəni təmsil edirdi, orada tarixi kontekst də özünə yer tapmışdı.

Hazırkı qlobal konfrantasiyalar fonunda müşahidə edirik ki, İran hərbi-siyasi meydanda tək qaldığı bir şəraitdə Azərbaycan liderinin başsağlığı mesajlarını, İranın Bakıdakı səfirliyini ziyarətini dəyərləndirmədən Naxçıvana xain terror hücumu etdi. Bu, əsla xaotik və təsadüfi hadisə deyil. Hətta ABŞ-ın hücumları olmasaydı belə İran öz xislətini göstərəcəkdi. Savaşın radiusunun genişlənməsi, logistik xətlər uğrunda qarşıdurmalar və İranın “mən məğlub oluramsa, regionu da özümlə aparım” narrativləri Naxçıvana edilən xain zərbələrin spontan ola bilməyəcəyini sübut edir.

İranın ordusunun necə hala düşdüyünü bilirik. Naxçıvan Zəngəzurdur, sülh marşrutudur. Amerika–Azərbaycan münasibətləri ötən ilin avqustunda ən yüksək səviyyəyə çatdı, qələbəmizin legitimliyi gücləndi, sülh sazişi paraflandı. İran isə səhv siyasətlərinin nəticəsində bölgə üçün heç bir müsbət addım ata bilmədi. Bu hücum həm də sülhə qarşıdır, Azərbaycanın regional barış siyasətini zədələmək və bölgəyə təlatüm daşımaq cəhdidir.

Cənab Prezident çıxışında bir daha vurğuladı ki, Azərbaycan region ölkələrinə qarşı müharibədə tərəf deyil və olmayacaq. Azərbaycan forpost deyil. Lakin İrandakı dairələr Cənubi Azərbaycan faktorundan, oradakı soydaşlarımızın Azərbaycan sevgisindən daim qıcıqlanıblar. Azərbaycan–Amerika münasibətləri hansısa ölkələrə qarşı yönəlməyib. Buna baxmayaraq İran başqa ölkələrə terror hücumları etməklə özünü daha da təcrid edir.

Qafqaza daşınmaq istənilən bu təhlükəli plan ortadadır. Cənab Prezidentin qətiyyəti göstərdi ki, Azərbaycan regional təhlükəsizliyə təhdidlərə qarşı hər zaman ayıq-sayıqdır. Azərbaycanın siyasi iradəsi və hərbi gücü istənilən təxribatın qarşısını almağa qadirdir. Regionda sülh və sabitliyin qorunması üçün rəsmi Bakının nümayiş etdirdiyi prinsipial mövqe gələcək geosiyasi proseslərin də əsas istiqamətini müəyyənləşdirəcək.

Zahid Oruc

Milli Məclisin deputatı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi - Gündəm Masada