8 Mart – Beynəlxalq Qadınlar Günü təkcə təqvim bayramı deyil, həm də qadının cəmiyyətdəki yerinə, onun tarixi missiyasına və müasir inkişaf proseslərindəki roluna verilən ali dəyərin ifadəsidir. Azərbaycan qadını əsrlər boyu xalqımızın milli-mənəvi dəyərlərinin qoruyucusu, dövlətçilik ənənələrinin daşıyıcısı və ictimai tərəqqinin aparıcı qüvvələrindən biri olmuşdur.
Azərbaycan tarixində qadınların rolu müstəsna əhəmiyyət daşıyır. “Kitabi-Dədə Qorqud” dastanında qadın obrazlarının mərdliyi və müdrikliyi, Tomris, Möminə Xatun, Sara Xatun, Nüşabə, Nigar, Həcər, Tutu Bikə kimi lider qadınların dövlətçilik və mübarizə ənənələrində göstərdiyi şücaət Azərbaycan qadınının yalnız ailə institutunun deyil, həm də siyasi və ictimai həyatın fəal subyekti olduğunu sübut edir. Azərbaycan qadını hər zaman Vətənin müdafiəsində kişilərlə çiyin-çiyinə dayanmış, dövlət quruculuğu proseslərində fədakarlıq nümayiş etdirmişdir. Bu tarixi ənənə müasir dövrdə də davam edir-qadınlarımız həm dövlət idarəçiliyində, həm də ordu quruculuğunda şərəf və ləyaqətlə xidmət göstərirlər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçib-seçilmək hüququnun verilməsi təkcə ölkə tarixində deyil, bütövlükdə Şərqdə və bir sıra Avropa dövlətlərindən daha əvvəl həyata keçirilmiş mühüm demokratik addım idi. Bu qərar qadının ictimai-siyasi həyatın tamhüquqlu iştirakçısı kimi qəbul edildiyini təsdiqlədi və gender bərabərliyinin hüquqi əsaslarını formalaşdırdı. Müstəqil Azərbaycan dövlətində qadın siyasətinin sistemli və məqsədyönlü şəkildə formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər qadınların cəmiyyətin bütün sahələrində təmsilçiliyini artırmağı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdi. 1998-ci ildə Azərbaycan qadınlarının ilk qurultayının keçirilməsi, Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, 2000-ci ildə “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanın imzalanması gender siyasətinin institusional əsaslarını möhkəmləndirdi. Bu addımlar qadınların rəhbər vəzifələrdə təmsilçiliyinin artırılmasına və gender amilinin dövlət idarəçiliyinə inteqrasiyasına geniş imkanlar yaratdı. Azərbaycan Respublikasının Konstitusiyası kişi və qadınların hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Ölkəmiz 1995-ci ildə BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına qoşulmuş, Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdir. 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunların qəbul edilməsi qadın hüquqlarının müdafiəsi sahəsində mühüm mərhələ olmuşdur. Bu normativ sənədlər yalnız hüquqi çərçivə yaratmamış, həm də cəmiyyətin düşüncə tərzində müsbət dəyişikliklərə təkan vermişdir. Bu gün dövlət qadın siyasəti Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni meyarlarla zənginləşdirilərək uğurla davam etdirilir. Gender bərabərliyinin təmin olunması, qadınların iqtisadi və ictimai fəallığının artırılması, onların rəqabət qabiliyyətinin yüksəldilməsi prioritet istiqamətlərdəndir. Təsdiq edilmiş “Azərbaycan Respublikasında gender bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” qadınların ictimai fəallığının artırılması, rəqəmsal savadlılığının gücləndirilməsi, əmək bazarında gender fərqlərinin aradan qaldırılması, iqlim dəyişiklikləri ilə mübarizədə iştirakının genişləndirilməsi kimi mühüm hədəfləri özündə ehtiva edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan qadınının beynəlxalq nüfuzunun artmasında xüsusi rol oynayır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu illərdir humanitar və mədəni diplomatiya sahəsində mühüm layihələr həyata keçirir. Mehriban xanım Əliyevanın xeyriyyəçilik missiyası, mədəni irsimizin dünyada təbliği istiqamətində gördüyü işlər Azərbaycanın “yumşaq güc” siyasətinin mühüm komponentinə çevrilmişdir. 2026-cı ildə yaradılmış Rəqəmsal İnkişaf Şurasına rəhbərliyin ona həvalə edilməsi qadın liderliyinin yeni strateji sahələrdə də öz təsdiqini tapdığını göstərir. Azərbaycan əhalisinin 50,2 faizini qadınlar təşkil edir. 2026-cı il yanvarın 1-nə olan məlumata görə, ümumi işçi qüvvəsində qadınların payı 48,4 faiz, məşğul əhali arasında isə 48,1 faizdir. Qadın sahibkarların xüsusi çəkisi 23,7 faizə çatmışdır. Yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi 4 faizdən 39,34 faizə yüksəlmiş, Milli Məclisdə qadın deputatların sayı VII çağırışda 26 nəfərə çatmışdır. 2020-ci ildən etibarən Milli Məclisə qadın sədrin rəhbərlik etməsi siyasi sistemdə gender balansının keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir.
“Güclü Cəmiyyətin Zərif Simaları” layihəsi qadın və gənc qızların liderlik və rəqəmsal bacarıqlarının inkişafına yönəlmiş mühüm təşəbbüsdür. Minlərlə gəncin cəlb olunduğu bu platforma qadınların sosial-iqtisadi və texnoloji imkanlardan bərabər şəkildə yararlanmasına real zəmin yaradır.
Azərbaycan qadını tarixən milli dövlətçilik ideyalarına sədaqət göstərmiş, müasir dövrdə isə ölkənin sosial-iqtisadi və siyasi inkişafının aparıcı qüvvəsinə çevrilmişdir. Dövlət siyasətinin mərkəzində dayanan gender bərabərliyi prinsipi qadınların hüquqlarının qorunmasına və onların potensialının tam reallaşdırılmasına xidmət edir. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına göstərilən ehtiram, əslində, dövlətin və cəmiyyətin qadına verdiyi yüksək dəyərin təntənəsidir. Güclü dövlətin təməlində güclü ailə, güclü ailənin təməlində isə müdrik və fədakar Azərbaycan qadını dayanır.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı