ABŞ və İsrailin 2026-cı il fevralın 28-dən başlayaraq İran ərazisinə endirdiyi zərbələr ölkədə ciddi siyasi gərginliyə səbəb olub. Hücumlar zamanı İranın ali dini lideri Əli Xamenini öldürülüb və ölkədə 40 günlük matəm elan edilib.
Hadisələrdən sonra İran parlamenti (Məclis) fövqəladə müzakirələrə başlayaraq təhlükəsizlik və ölkənin gələcək siyasi kursu ilə bağlı iclaslar keçirib. Deputatlar ABŞ və İsrailin hücumlarını sərt şəkildə pisləyərək regionda hərbi və siyasi cavab tədbirlərinin müzakirəsini gündəmə gətiriblər.
İran və Azərbaycan parlamentariləri arasında mövcud vəziyyət fonunda hər hansı təmasın olub-olmaması da diqqət doğuran məsələlərdən biridir.
Məsələ ilə bağlı Modern.az-a açıqlamasında Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə bildirib ki, İran parlamentinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə son dövrlərdə hansısa təmas olmayıb.
O qeyd edib ki, parlamentlərarası münasibətlər hər iki dövlətin durumuna ciddi təsir edən məsələdir:
"İranda proseslər bitəndən, stabillik yaranandan sonra bu əlaqələrin olması mümkündür. Əlaqələrimiz olmasa da İranda gedən prosesləri dost-qardaş ölkənin nümyəndələri kimi yaxından izləyirik. Tezliklə orada sülhün yaranmasının tərəfdarıyıq. Çox istərdik ki, bu hadisələr baş verməzdi və İranla Qərb dünyası arasında problemlər danışıqlar, beynəlxalq hüquq normaları əsasında öz həllini tapardı və nəticədə xalqlar dinc yaşayış məcrasında münasibətlərini davam etdirərdi".