“Kəlbəcər rayonunda arıçılığın inkişafı üçün daha geniş şərait yaradılması məqsədəuyğun olardı. Digər tərəfdən, Kəlbəcər balının adı bu gün bazarda çox istifadə olunur və demək olar ki, hər üç bal satıcısından ikisi məhsulunu “Kəlbəcər balı” kimi təqdim edir. Lakin bu məhsulların hamısının həqiqətən Kəlbəcərdə istehsal olunub-olunmadığını nəzarətdə saxlamaq mümkün olmur”.
Modern.az məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda keçirdiyi ictimai dinləmədə deputat Naqif Həmzəyev deyib.
“Bu baxımdan hesab edirəm ki, Kəlbəcər balının mənşəyi və keyfiyyəti ilə bağlı nəzarət mexanizmlərinin gücləndirilməsi vacibdir. Təklif olunur ki, bu məsələ ilə bağlı müvafiq dövlət qurumları, xüsusilə Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tənzimləmə mexanizmləri hazırlanaraq tətbiq edilsin. Bu həm istehlakçıların qorunmasına, həm də həqiqi Kəlbəcər balı istehsal edən arıçılıq təsərrüfatlarının maraqlarının təmin olunmasına xidmət edər” – N. Həmzəyev vurğulayıb.
Deputat bildirib ki, Kəlbəcər rayonunun ərazisində Aqrar Universitet üçün arıçılıq üzrə təcrübə təsərrüfatının yaradılsın.
Naqif Həmzəyev bu universitetdə arıçılıq təsərrüfatına diqqətin artırılmasını vacib olduğunu və mgistratura səviyyəsində bu ixtisasa yiyələnmək istəyənlərin sayının az olduğunu bildirib:
“Bildiyiniz kimi, universitetdə magistratura səviyyəsində bu ixtisas üzrə yerlər ayrılır, lakin çox vaxt həmin yerlər boş qalır. Bunun əsas səbəbi isə bakalavr səviyyəsində arıçılıq ixtisasının mövcud olmamasıdır. Yəni bakalavr pilləsində müvafiq baza olmadığı üçün magistratura səviyyəsində də maraq və davamlılıq formalaşmır.Bu baxımdan xahiş edirəm ki, ən azı bu ildən başlayaraq bakalavr səviyyəsində də arıçılıq ixtisası üzrə yerlər ayrılsın. Əks halda, açıq demək lazımdır ki, bu sahədə geriləmə riski daha da arta bilər”.