Süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə belə texnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir.
Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitəsinin birgə iclasında müzakirə edilən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlara dəyişiklik haqqında qanun layihəsində əksini tapıb.
“Media haqqında” qanun layihəsində göstərilir ki, Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərə əsasən,şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialların yayılmasına yol verilməməlidir.
Həmçinin qanun layihəsinə əsasən, bu cür materialların yayıldığı hallarda Audiovizual Şuranın qərarı ilə yayım 24 saatadək müddətə müvəqqəti dayandırıla bilər. Eyni zamanda, bu materialları ehtiva edən xarici çap mediası məhsullarının ölkəyə gətirilməsi və yayılması da qadağan ediləcək.