Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya son səfərindən sonra hədəqədən çıxmış gözlərinin qəzəbi absurd mülahizələrinə və məntiqsizliklə zəngin iddialarına sıçrayan Konstantin Zatulinin “Moskovskiy komsomolets”də yayımlanan məqaləsindən belə anlaşılır ki, Azərbaycanla müharibədə Ermənistan deyil, Rusiya Dövlət Dumasının ən uğursuz deputatlarından biri olan Zatulinin özü məğlub olub və Azərbaycan Ordusu təkcə işğala deyil, eyni zamanda Konstantin Zatulin kimilərin rəzil siyasi karyerasına və iyrənc korporativ maraqlarına son qoyub.
Uzun illər boyu Azərbaycan torpaqların işğal altında qalması üçün aparılan təslimçiliyə sövq etmə təbliğatının ən bəsit və ən ucuz nümayəndələrindən olan Konstantin Zatulinin separatçılarla, müharibə cinayətkarları ilə eyni tezisləri səsləndirməsi, Azərbaycanın qələbəsini nəyin bahasına olursa-olsun kiçiltməyə çalışması təsadüfi deyil. Çünki o, Köçəryan, Sarqsyan və digər müharibə caniləri ilə eyni “boşqab”dan qidalanıb və az qala bütün siyasi karyerasının həsr olunduğu bir prosesdən rüsvayçı məğlubiyyətlə çıxmasını heç cür qəbul edə bilmir.
MDB İnstitutunun direktoru olan Zatulinin məqaləsində bir cümlə digərini təkzib edir. Zatulin heç bir halda qəbul edə bilmir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını və suverenliyini 1991-ci ildə tanıyıb. Həmçinin, Ermənistanın Praqada və Vaşinqtonda imzalanan sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıması faktını Zatulin və onun böhtançı ağzının sahibləri heç cür həzm edə bilmirlər.
Rusiya Dövlət Dumasının deputatı nədənsə Azərbaycan ərazilərinin işğal altında olduğu zaman kəsiyində torpaqlarımızda hərbi xuntanın yaratdığı qondarma təsisatın heç bir ölkə, o cümlədən Rusiya tərəfindən də tanınmadığı faktını, əksinə Rusiyanın dövlət başçısının Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğu barədə bəyanatlarını dilə gətirməyə cəsarəti çatmır. Qeyd edim ki, Alma-Ata Bəyannaməsini imzalayan bütün ölkələr bir-birilərinin ərazilərini qarşılıqlı olaraq tanıyıblar. O cümlədən Rusiya da bu sənəd və digər dövlətlərarası bəyannamə və müqavilələr çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyıb.
Paşinyan haqlıdır, Azərbaycan ərazilərinin işğalı həqiqətən də uzun illər boyu öncə Ermənistan, bütövlükdə isə region üçün boyunduruq rolunu oynayıb. Azərbaycan torpaqların işğaldan azad edilməsi, əslində müxtəlif mübaliğəli ifadələr, təbliğat tezisləri arxasında gislədilən həqiqətləri gün işığına çıxarıb. Kiminin gözü açılıb, kimininsə böhtan danışan dili...
Maraqlıdır, Zatulunun təsəvvürünə görə, Cənubi Qafqazda proseslər necə cərəyan etməliydi? Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi hansı səbəblərdən Konstantin Zatulin və onunla eyni düşüncəni bölüşənləri narahat edir? Məgər işğal dövründə Rusiyanın niyyəti 30 ilə yaxın davam edən danışıqlarda sülhün əldə edilməsi deyildi? Əgər deyildisə, o zaman sual olunur: Kim kimi aldadıb? Həm də 30 il? Bir tərəfdən danışıqlar prosesində vasitəçi olub, digər tərəfdən isə təcavüzkara ödənişsiz silah-sursat, hərbi texnika verməklə işğalın davam etməsini stimullaşdırıb, Azərbaycan torpaqlarının işğalı üzərindən Ermənsitanda hakimiyyəti qəsb edən hərbi caniləri dəstəkləyib.
Nə oldu, “aldatmaq”, “qeyri-səmimi davranış” kimi anlayışlar indi yadınıza düşüb?
30 ilə yaxın bir milyon azərbaycanlı öz doğma evlərindən didərgin salınıb, insanlar dəmir vaqonlarda, çadırlarda, yarımçıq tikililərdə məhrumiyyətlər içərisində yaşamaq məcburiyyətində qalıblar. Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında daş üstə daş saxlanılmayıb, Azərbaycan xalqına məxsus mədəniyyət abidələri, məscidlər, ziyarətgahlar, qəbristanlıqlar, yaşayış evləri vəhşicəsinə dağıdılıb. Bu müddət ərzində Zatulinin indi guya müdafiə etdiyi ölkəsi təcavüzkara “dur” deməyib, “Azərbaycan xalqının irsinə toxunma, işğala son qoy” deməyib, amma sözdə sülhdən, yaxın qonşuluqdan, qarşılıqlı münasibətlərin inkişafından, ortaq dəyərlərdən danışıb.
Kim kimi aldadıb, Zatulin? Ən böyük yalançı, fitnəkar, saxtakar sən və sənin kimilərdir. Sənin kimi insanlar bütün sivil bəşəriyyətin, sağlam düşünən, sülh şəraitində yaşamaq istəyən insanların düşmənidir. Sənə “şər-böhtan atma” yazacaqdım, amma fikrimi dəyişdim. Çünki sən şərin özüsən!
Elçin Mirzəbəyli
Millət vəkili