ABŞ-İran gərginliyi fonunda dünya enerji bazarlarında baş verən dalğalanmalar neftin qiymətinə ciddi təsir göstərib və bu, Azərbaycan iqtisadiyyatı üçün də mühüm siqnallar yaradıb. Dövlət büdcəsinin əsas gəlir mənbələrindən biri olan neft gəlirlərinin artması fonunda büdcə parametrlərinə yenidən baxılması məsələsi aktuallaşıb.
Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, neftin qiymətindəki artım dinamikası uzun müddət davam etməyib:
“Müharibə fonunda neftin qiymətinin artım dinamikası uzunmüddətli bir dövrü əhatə etmir və hazırda dövlət büdcəsinin parametrlərində dəyişiklik edilməsi üçün zərurət doğuracaq əsaslar yaratmır” – komitə sədri vurğulayıb.