5 il ərzində işğaldan azad edilmiş ərazilərin Ümumi planı, 8 şəhərin Baş planı, habelə Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları hazırlanmaqdadır. Eyni zamanda 90-dan çox kənd və qəsəbənin layihə sənədləri təsdiq edilib, 20 yaşayış məntəqəsi üzrə layihələndirmə işləri isə yekun mərhələdədir.
Modern.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, bu sənədlər hər bir yaşayış məntəqəsinin sosial-iqtisadi baxımdan tarazlı şəhər mühiti kimi formalaşdırılmasının təməlini qoyub.
Layihələrə əsasən, həmin məkanlarda yeni yaşayış kompleksləri, təhsil və səhiyyə müəssisələri, ictimai-iaşə obyektləri, muzey və mədəniyyət mərkəzləri tikilir, yol-küçə şəbəkələri, turizm və rekreasiya zonaları və sənaye parkları salınır, enerjiyə qənaət edən tikinti və “ağıllı” infrastruktur həlləri tətbiq olunur. Memarlıq abidələrinin bərpasına və tarixi irslə müasir innovasiyaların harmoniyasına xüsusi diqqət yetirilir.
Görülən işlər nəticəsində artıq həmin ərazilərdə bu günədək 10 rayonun 30 yaşayış məntəqəsinə (6 şəhər, 2 qəsəbə və 22 kənd) keçmiş məcburi köçkünlərin qayıdışı baş tutub. Ümumilikdə o torpaqlarda 60 minə yaxın şəxs yaşayır, işləyir və təhsil alır.