Yanvarın 26-da Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə növbəti köç həyata keçirilib.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə hər iki kəndə ümumilikdə 100 nəfərdən ibarət 25 ailə köçürülüb.
Onlardan 10 ailə Seyidbəyli, 15 ailə isə Badara kəndində daimi məskunlaşıb. Sakinlərə yeni mənzillərinin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, onları doğma ata-baba yurduna qayıdış münasibətilə təbrik edib.
O, bildirib ki, köç edən ailələrin sosial rifahı və məşğulluğu daim diqqət mərkəzində saxlanılır, onlar üçün həm dövlət, həm də özəl sektorda iş imkanları yaradılır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün də zəruri şərait mövcuddur.
Qeyd edək ki, hazırda hər iki yaşayış məntəqəsində sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb . Kəndlərdə bütün kommunal xidmətlər- elektrik, qaz, su və rabitə bərpa olunub.