Modern.az

QMİ Ermənistandakı məscidləri geri istəyəcək? - RƏSMİ AÇIQLAMA

QMİ Ermənistandakı məscidləri geri istəyəcək? - RƏSMİ AÇIQLAMA

Qərbi Azərbaycan

17 Fevral 2026, 17:33

Bugünkü Ermənistan ərazisində Azərbaycanın zəngin tarixi-mədəni irsi var. Təəssüf ki, son 30 ildə onların bir çoxu radikal ermənilər tərəfindən dağıdılsa da, tarixi torpaqlarımızda mövcudluğumuza dair izlər tam silinməyib. Bu gün Ermənistanın paytaxtı İrəvanda ölkə ərazisində yeganə məscid - Göy məscid fəaliyyət göstərir. Tarixi irsimizi İran mədəniyyətinin bir hissəsi kimi təqdim etmək cəhdlərinə baxmayaraq, bu gün fəaliyyətsiz bir çox tarixi və dini abidələrimiz mövcuddur. Qeyd olunmalıdır ki, bu gün iki ölkə arasında normallaşma prosesi çərçivəsində tarixi-dini abidələrimizin təmiri və keçmiş zamanlarda olduğu kimi Qafqaz Müsəlmanları İdarəsinin tabeliyinə verilməsi təklifləri səslənir. 

Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Bəxtiyar Nəcəfov bildirib ki, qurum tərəfindən Qərbi Azərbaycandakı dini məkanlarımızın və tariximizin bərpası üçün səylər göstərir:

"Dünən Qərbi Azərbaycan İcması ilə İrəvan Qaziliyinin birgə təşkilatçılığı ilə şeyx həzrətlərinin rəhbərliyi altında yüksək səviyyəli tədbir keçirilib. Tədbirdə bir çox məsələlər müzakirə olundu. Görüşdə Qərbi Azərbaycanla bağlı dini və mədəni irsin qorunması, tarixi abidələrin taleyi və gələcək perspektivlər geniş müzakirə olundu. İrəvan və ətraf ərazilərdə azərbaycanlılara məxsus mədəni, tarixi abidələrlə yanaşı, dini irsimizin də aradan qaldırılması ilə bağlı ciddi müzakirələr aparıldı. Bu gün Ermənistan dövləti sülhə çağırır, sənədlər imzalayır, lakin kilsə yenə hər zamankı kimi revanşist siyasət aparır, öz dövləti ilə belə razılaşmır. 

Bəxtiyar Nəcəfov Ermənistanda azərbaycanlılara məxsus 700-dən çox qəbiristanlığın, 500-dən çox məscidin olduğunu, bəzilərinin dağıdıldığını deyib.

"Təpəbaşı məscidinin divarları qalıb, bircə Göy məscid salamat qalıb, fəaliyyət göstərir. O da bu gün başqa adla idarə olunur. Bütövlükdə bunların hamısı isə bizim haqlarımızdır. Hər zaman olduğu kimi, zaman-zaman hər kəs öz haqqını alır. Biz də öz qələbəmizlə, Ali Baş Komandanın yürütdüyü xarici siyasət ilə dini hüquqlarımızın bərpa olunmasına nail olmalıyıq. Bu bizim hüququmuzdur.

Amma bu gün hər şey sülh səviyyəsində, cənab Prezidentin yürütdüyü siyasətin çərçivəsindən çıxmamaq şərti ilə müsbət istiqamətdə davam edir. İnşallah, biz də öz dini məkanlarımızın və tariximizin bərpası üçün səylərimizi göstəririk".

Şeyxin müavini bu istiqamətdə iki kitabın nəşr olunacağını da qeyd edib. Bundan əlavə, irəvanlı din alimləri haqqında ayrıca elmi məqalələr və kitab üzərində də iş aparılır. Qazilik yaxın vaxtlarda bu nəşrlərin təqdimatını keçirməyi planlaşdırır.

Şeyxin müavini məscid və dini abidələrin QMİ-nin tabeliyinə qaytarılması ilə bağlı isə bunları deyib:

"Sülh müqaviləsi imzalandıqdan sonra Qərbi Azərbaycandakı məscid və dini abidələrimizin bərpası və əvvəllər də olduğu kimi Qafqaz Müsəlmanları İdarəsinin tabeliyində olması məsələsi öz həllini tapmalıdır. Hazırda ölkəmizdə ermənilərin ibadət edə bilməsi üçün ibadətgahları var. Eyni zamanda bizim də haqqımızdır ki, oradakı dini ibadət məkanları təmir olunsun. Sülh sazişi öz əksini tapdıqdan sonra yenə Qafqaz xalqları olaraq bir yerdə yaşayar və rahat şəkidlə dinimizi yaşayarıq. Din adamları kimi biz də silahın, savaşın yox, sözün, kəlamın, sülhün tərəfindəyik. Xalqlarımız bir yerdə yaşasın, sülh olsun".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar