Novruz bayramı Azərbaycan xalqının minilliklərə söykənən milli-mənəvi irsinin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, dövlətçilik düşüncəsinin, ictimai həmrəyliyin və milli kimliyin formalaşmasında mühüm rol oynayan dəyərlər sistemidir.
Təbiətin oyanışını, yenilənməni və həyatın davamlılığını təcəssüm etdirən bu bayram əsrlər boyu xalqımızın yaddaşında qorunmuş, müxtəlif tarixi mərhələlərdən keçərək bu günə qədər gəlib çatmışdır. Azərbaycan xalqı Novruz ənənələrini yalnız məişət səviyyəsində deyil, həm də milli ideologiyanın mühüm elementi kimi yaşatmışdır.
Tonqal qalamaq, səməni qoymaq, bayram süfrəsi açmaq, insanlar arasında mehribanlıq və barış mühitinin yaradılması kimi adətlər cəmiyyətin sosial birliyini möhkəmləndirən mühüm vasitələr olmuşdur.
Bu ənənələr milli dəyərlərin daşıyıcısı kimi nəsildən-nəslə ötürülərək xalqımızın mənəvi bütövlüyünü təmin etmişdir. Sovet dövründə milli bayramlara, xüsusilə də Novruza münasibətdə tətbiq olunan qadağalar bu dəyərlərin sıradan çıxarılmasına yönəlsə də, Azərbaycan xalqı öz tarixi yaddaşına sadiq qalaraq bu bayramı qoruyub saxlamışdır.
Rəsmi məhdudiyyətlərə baxmayaraq, Novruz ailə və icma daxilində qeyd edilmiş, onun əsas atributları yaşadılmış və gələcək nəsillərə ötürülmüşdür. Bu, xalqımızın milli kimliyinə bağlılığının və mənəvi dirənişinin bariz nümunəsi kimi qiymətləndirilməlidir.
Müasir dövrdə isə qloballaşma, rəqəmsallaşma və süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi bir şəraitdə milli-mənəvi dəyərlərin qorunması məsələsi daha da aktuallaşır. Texnoloji yeniliklər həyat tərzini dəyişsə də, bu dəyişikliklər milli ənənələrin unudulmasına səbəb olmamalıdır. Əksinə, müasir vasitələrdən istifadə etməklə Novruz adətlərinin daha geniş şəkildə təbliği, onların gənc nəslə düzgün və sistemli şəkildə çatdırılması təmin edilməlidir. Bu, yalnız mədəni məsələ deyil, həm də milli təhlükəsizlik və ideoloji davamlılıq baxımından mühüm əhəmiyyət daşıyır. Uzun illər ərzində torpaqlarımızın işğal altında olması Novruz bayramının xalqımız tərəfindən tam mənada qeyd olunmasına imkan verməmişdir.
Məcburi köçkün həyatını yaşayan soydaşlarımız üçün bu bayram yalnız xatirələrdə yaşayan bir sevinc, eyni zamanda itirilmiş yurd həsrətinin ifadəsi olmuşdur. Bu səbəbdən Novruz tonqalları bəzən sevincdən çox nisgilin simvoluna çevrilmişdir. 2020-ci ildə əldə olunan tarixi Zəfər Azərbaycan xalqının həyatında yeni bir mərhələ açdı. Ərazi bütövlüyümüzün bərpası ilə yanaşı, milli-mənəvi dəyərlərimizin də doğma torpaqlara qayıdışı təmin olundu.
Bu gün Novruz tonqalları Qarabağda və Şərqi Zəngəzurda qürur və sevinc hissi ilə alovlandırılır. Bu tonqallar yalnız baharın gəlişini deyil, həm də tarixi ədalətin bərpasını, milli ruhun zəfərini və dövlət suverenliyimizin möhkəmlənməsini simvolizə edir. Cənab Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın azad olunmuş ərazilərə mütəmadi səfərləri, Novruz bayramı günlərində həmin torpaqlarda tonqalların alovlandırılmasında iştirakı xüsusi siyasi və mənəvi məna daşıyır. Bu, dövlət başçısının milli dəyərlərə verdiyi önəmin, azad edilmiş ərazilərin bərpası ilə yanaşı, onların mədəni-mənəvi həyatının da dirçəldilməsinin prioritet olduğunu göstərir. Eyni zamanda bu addımlar xalqda böyük ruh yüksəkliyi yaradır və milli həmrəyliyi daha da gücləndirir.
Novruz bayramı təkcə qədim ənənə deyil, həm də müasir dövrdə milli kimliyin qorunması, ictimai birliyin möhkəmləndirilməsi və dövlətçilik ideologiyasının təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Bu bayramın azad Qarabağ və Şərqi Zəngəzurda qeyd olunması isə ona yeni məzmun qazandıraraq Novruzu həm də Zəfər və dirçəliş rəmzinə çevirir. Azərbaycan xalqı bu dəyərləri qoruduqca və gələcək nəsillərə ötürdükcə, milli-mənəvi irsimiz daha da zənginləşəcək və davamlı inkişaf edəcəkdir.
Tahir Mirkişili
Milli Məclisin deputatı