Modern.az

Prezidentin "Milli Qəhrəman" adı verdiyi Qurbanovun DOSYESİ

Prezidentin "Milli Qəhrəman" adı verdiyi Qurbanovun DOSYESİ

Reportaj

7 Noyabr 2025, 17:00

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi baş leytenant Vaqif Bəxtiyar oğlu Qurbanov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Vaqif Qurbanov kimdir?

Modern.az saytı Milli Qəhrəmanın dosyesini təqdim edir:

Vaqif Bəxtiyar oğlu Qurbanov 30 dekabr 1967-ci ildə Bakıda anadan olub. Əslən Tovuz rayonunun Qovlar kəndindəndir.
1989-cu ildə Borisoqlebsk Ali Hərbi Aviasiya Məktəbini bitirib. Təhsilini başa vurduqda sonra SSRİ Hərbi Hava Qüvvələrində, daha dəqiq Əfqanıstan müharibəsi zamanı təşkil edilmiş və "Su-25" təyyarələri ilə komplektləşdirilmiş Sitalçaydakı Aviasiya polkunda zabit kimi xidmət edib. Bunun ardınca o, Azərbaycan ərazisindəki aviasiya alaylarından birində xidmət keçib. Gəncə, Yevlax, Kürdəmirdə hərbi alayların yaradılmasında yaxından iştirak edib.

Vaqif Qurbanov 80-ci dislokasiya olunmuş aviapolkun yerləşdiyi MDB Hərbi Hava Qüvvələrinə məxsus Sitalçay hərbi aerodromundan Su-25 təyyarəsini qaçırması ilə yadda qalıb. Hadisə 8 aprel 1992-ci ildə baş verib. Təyyarəçi baş leytenant V.Qurbanov Su-25 təyyarəsini qaçıraraq Azərbaycan Hərbi Hava Qüvvələrinə gətirib.  

Hadisədən dərhal sonra Su-25 təyyarəsi axtarılıb. Rusiya hökuməti təyyarənin qaytarılmasını tələb etsə də, istəyinə nail olmayıb.

Vaqif Qurbanov ilk döyüş tapşırığına Su-25 təyayrəsinin gizlədildiyi Şəkidən qalxıb: 8 may 1992-ci il tarixindən Şuşa üzərində hərbi uçuşlara başlayır. Qurbanov çox aşağı məsafədən uçduğundan təyyarədən atılan mərminin qəlpəsi təyyarənin mühərrikini zədələyib. 
Mayın 8-i və 9-u Qurbanovun reydləri nəticəsində Qarabağdakı erməni silahlı qruplarının 30 nəfər döyüşçüsü öldürülüb, 120 nəfər yaralanıb.
9 may 1992-ci ildə Vaqif Qurbanov Xankəndidən İrəvana uçan Yak-40 erməni təyyarəsinə hücum edərək onu vurub. Təyyarə Sisianda təcili eniş edib.
12 iyunda Vaqif Qurbanovun idarə etdiyi Su-25 təyyarəsi Goranboy istiqamətində düşmənin müdafiə xəttini yarıb  və nəticədə 20-dək yaşayış məntəqəsi erməni hərbi birləşmələrindən azad edilib.

Qurbanov həmçinin Xocavənd və Əsgəran istiqamətində döyüşlərdə iştirak edib. Nəticədə düşmən tərəf ağır itkilər verib.

13 iyun 1992-ci ildə Vaqif Qurbanov Goranboy–Ağdərə istiqamətində üç döyüş uçuşu keçirib. Qurbanovun idarə etdiyi Su-25 təyyarəsi Əsgəran yaxınlığında "Şilka" deyilən qurğu ilə vurulub. Şahidlərin söylədiyinə görə, həmin anlar Vaqif Qurbanov paraşütlə atıla bilib, lakin düşmən onu yerdən atəşlə vurub. Onun paraşütü düşmənin nəzarət etdiyi əraziyə düşüb.

Ermənilərin canına qorxu salan təyyarəçinin ölümü qarşı tərəfdə sevinclə qarşılanıb. Erməni televiziyası təyyarənin qalıqlarını dönə-dönə nümayiş etdirib.

Vaqif Qurbanovun yaralı halda ermənilərin əlinəkeçdiyi barədə müxtəlif xəbərlər yayılıb. Əsir, İtkin və Girov Düşmüş Vətəndaşlarla İş üzrə Dövlət Komitəsi Vaqif Qurbanovla bağlı araşdırma aparılıb. Amma araşdırmalar nəticə verməyib.

1992-ci ildə Nizami rayon məhkəməsinin qərarı ilə V.Qurbanov ölmüş elan edilib.

V.Qurbanov 20 aprel 1991-ci ildə Nəzakət adlı xanımla ailə həyatı qurmuşdu. Onun Sevinc adlı bir qızı yadigar qalıb. Atası vətən uğrunda Qarabağda şəhid olanda Sevinc dörd aylıq olub. O, Bakı Dövlət Universitetini bitirib.
 
2014-cü ildə Vaqif Qurbanovun döyüş yolundan bəhs edən “Mən evə qayıdıram” filmi çəkilib.

7 noyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra Vaqif Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
 

Sizə yeni x var
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var