Modern.az

Bir şəklin tarixçəsi: Heydər Əliyev dostları ilə Cəlal Əliyevin evində

Bir şəklin tarixçəsi: Heydər Əliyev dostları ilə Cəlal Əliyevin evində

Reportaj

17 Noyabr 2025, 12:21

1990-cı illərin əvvəlləri... Sovet rəhbərliyi yanvarda Bakıda qanlı faciə törətmişdi... Azərbaycan tarixinin ən keşməkeşli dövrlərindən biri yaşanırdı. Ölkə siyasi böhran, torpaq itkisi, xalqın narahatlığı və gələcəklə böyük bir təlaş içində idi.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1990-cı ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib Bakıya gəlmişdi...

Heydər Əliyev Bakıya qayıdanda çoxları bilirdi ki, bu gəliş nəyinsə başlanğıcı ola bilər. Amma hələ heç kim hadisələrin sonrakı gedişini proqnozlaşdıra bilmirdi...

Heydər Əliyevin Bakıdakı ilk ünvanı qardaşı, akademik Cəlal Əliyevin evi idi. O çətin vaxtlarda Heydər Əliyev qardaşının evində qalırdı. Bu ev həmin günlərdə ölkənin taleyinə yön verəcək müzakirələrin, sakit, amma dərin düşüncələrin sığınağına çevrilmişdi. Heydər Əliyevin həyatının o dramatik günlərində burada qaldığını bilənlər üçün bu məkan özü-özlüyündə tarix idi. Amma Əliyev Bakıda çox qala bilmədi...

O zaman təhdidlərlə üzləşən H.Əliyev Naxçıvana getməyə məcbur oldu. O zaman Naxçıvan təkcə coğrafi cəhətdən yox, siyasi mənada da təcrid olunmuş bir bölgə idi. Naxçıvanda H.Əliyev Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçildi. Buna görə də, deputat kimi Azərbaycan SSR Ali Sovetinin sessiyalarında iştirak etmək üçün bəzi vaxtlarda Naxçıvandan Bakıya gəlməli olurdu.

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu foto da həmin dövlərdə lentə alınıb.

Zaman 1991-ci ilin fevralı... Məkan akademik Cəlal Əliyevin evi...

Fotonu Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında mühüm rol oynamış “91-lər”dən olan sabiq konsul Xeyrəddin Qoca təqdim edib.

Fotoda Heydər Əliyevlə yanaşı, qardaşı Cəlal Əliyev, Xeyrəddin Qocanın özü, sonralar prezidentin təhlükəsizlik xidmətinə rəhbərlik edən Bəylər Eyyubov da əks olunub.

Xeyrəddin Qoca digər şəxslərin dostlar və Əliyevlərin qohumları olduğunu bildirib.

Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada sədri seçilib.

1993-cü il iyunun 15-də isə Bakıya gələrək siyasi hakimiyyətin rəhbərliyinə qayıdıb.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya od içində: Kiyev cəhənnəm əzabı yaşatdı - ARDICIL ZƏRBƏLƏR