Modern.az

Övladları vaxtsız vəfat edən SİYASƏTÇİLƏR

Övladları vaxtsız vəfat edən SİYASƏTÇİLƏR

Reportaj

18 Dekabr 2025, 11:10

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun ailəsi növbəti dəfə ağır faciə ilə üzləşib. Onun 18 yaşlı nəvəsi Müşfiq Fəttayev dünən ürəktutmasından vəfat edib.
Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olan Müşfiq 1991-ci ildə qəfil vəfat edən əmisinin adını daşıyırdı. Mərhumun cansız bədəni yaxınları tərəfindən yaşadığı evdə tapılıb.

Qeyd edək ki, bu, Mirmahmud Mirəlioğlunun ailəsində yaşanan ilk belə dəhşətli hadisə deyil. Partiya sədrinin üç övladı erkən yaşda həyatdan köçüblər.

M.Mirəlioğlu ilk dəfə 1991-ci ildə baş verən faciəli yol qəzası nəticəsində 5 yaşlı oğlunu itirib. 

Partiya sədrinin digər oğlu Mircəlil Fəttayev 2009-cu ildə ürəktutmasından vəfat edib. KXCP qərargahı qarşısında qəfildən yerə yıxılan M.Fəttayev sonra dünyasını dəyişib. 

2012-ci ildə isə M.Mirəlioğlunun qızı qəflətən dünyasını dəyişib. Partiya sədrinin qızı, 28 yaşlı Mahirə Fəttayevanın qəflətən ürəyi tutub. Onu həkimə yetişdirmək mümkün olmayıb, evdə dünyasını dəyişib. Mahirə Fəttayeva ailəli olub və Məhəmmədəmin adlı bir oğlu ondan yadigar qalıb. 

Modern.az-ın məlumatına görə, övlad acısını zaman-zaman siyasət aləminin başqa xadimləri də yaşayıb. 

Tarix elmləri doktoru, professor Cəmil Həsənlinin oğlu Vüqar Həsənov da vaxtsız dünyasını dəyişib. O, 2007-ci ildə paytaxtın Atatürk prospektində ağır yol qəzasına uğrayıb. İdarə etdiyi “Mercedes” əvvəlcə “Opel" markalı avtomobillə toqquşub, daha sonra yol kənarındakı daşlara çırpılıb. 
Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılan V.Həsənovu həkimlərin səyinə baxmayaraq, xilas etmək mümkün olmayıb. Mərhum Yasamal Rayon Məhkəmə Nəzarətçiləri və İcraçıları Şöbəsində çalışırdı. 

Millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Mustafanın ailəsi də övlad faciəsi yaşayıb. 
2008-ci ildə deputatın oğlu Elçibəy Mustafayev və qaynı Mahir Mirzəyev hamamda dəm qazından boğularaq dünyasını dəyişib. Elçibəy Mustafayev 2000-ci ildə doğulub, dünyasını dəyişəndə o, 2-ci sinif şagirdi idi.

Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu 2015-ci ildə 26 yaşında vaxtsız vəfat edib. Mərhum Nərgiz Yaqublu 2014-cü ildə ailə qurmuşdu və Rusiyada yaşayırdı. Ailə qurmazdan öncə "Yeni Müsavat" qəzetində çalışıb. O, sarılıq xəstəliyindən (Hepatit C) əziyyət çəkirdi və Tomsk şəhərindəki xəstəxanaların birində müalicə alırdı. Mərhumun Kənan adlı oğlu yadigar qalıb. Uşaq anasının ölümündən 1 həftə əvvəl doğulmuşdu. 

Milli Məclisin İntizam Komissiyasının sədri, hakim Yeni Azərbaycan Partiyasının aparıcı simalarından biri Eldar İbrahimov da övlad acısı yaşayan siyasi xadimlərdəndir. Deputatın oğlu təxminən 20 il öncə İranda avtomobil qəzasına düşərək, həlak olmuşdu. Mərhum Azərbaycanın İrandakı səfirliyində çalışırdı.

Azərbaycanın mərhum eks-prezidenti Ayaz Mütəllibov da övladını vaxtsız itirən siyasətçilərdən olub. 2011-ci ildə eks-prezidentin 49 yaşlı oğlu Azad Mütəllibov uzun müddət davam edən xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib. O zaman Moskvada siyasi sığınacaq tapan A.Mütəllibova oğlunun dəfnində iştirak etmək üçün Azərbaycana gəlməyə icazə verildi. A.Mütəllibov dəfnə gəldi və yenidən getdi... Bir neçə il sonra isə həmişəlik Azərbaycana döndü.

Mərhum politoloq, xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri Vəfa Quluzadə də sağlığında övlad acısı yaşamışdı. Mərhum Vəfa müəllimin 36 yaşlı oğlu Murad Quluzadə 2010-cu ilin ikinci yarısında ağır sürən xəstəlikdən sonra vəfat etmişdi. Murad Quluzadə onkoloji xəstəlikdən əziyyət çəkib, onun bir sıra xarici klinikalarda müalicəsi isə nəticə verməyib.  Övlad itkisi Vəfa Quluzadənin də dünyadan daha tez köçməsinə səbəb olmuşdu.

Fəaliyyəti dayandırılan “Azadlıq” partiyasının sədri Əhməd Orucun gənc övladı 2025-ci ilin əvvəllərində vaxtsız vəfat etməklə ailəsinə sarsıntı yaşatmışdı. Siyasətçinin oğlu Günxan Oruc Bakıdakı məktəblərdən birində müəllim işləyirdi.
Oğlunun ölümü Əhməd Oruca pis təsir etmiş və o da ürək sarsıntısı keçirmişdi. Ə.Oruc bu ilin noyabr ayında insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi və orada dünyasını dəyişmişdi.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır