Son günlər İranda baş verən hadisələr fonunda Pəhləvilər ailəsi də gündəmə gəlib. İranın 1979-cu ildə devrilmiş sonuncu şahı Məhəmməd Rza Pəhləvinin ABŞ-da yaşayan oğlu - vəliəhd şahzadə Rza Pəhləvi hər yola baş vurur ki, Tehranda hakimiyyət başına keçsin. Lakin hadisələr hələ ki onun istədiyi axarla davam etmir və deyəsən Rza Pəhləvinin İranda hakimiyyətə gəlmək xəyalı da puç olur.
İran mövzusunun və Pəhləvilər ailəsinin dünya mətbuatında aktuallaşması 2003-cü ildə çəkilmiş italyan-alman birgə istehsalı olan "Soraya" filmini də gündəmə gətirib.
Film devrilmiş şah Məhəmməd Rza Pəhləvi və onun ikinci həyat yoldaşı Sürəyya İsfəndiyari-Bəxtiyarinin evliliyindən bəhs edən tarixi əsaslı bioqrafik ekran əsəridir.
Filmin rejissoru Ludoviko Qasparinidir. Premyerası 5 oktyabr 2003-cü ildə baş tutub.

"Soraya" filmindən bir kadr...
3 saat 20 dəqiqəlik iki hissəli film izləyicini 20-ci əsrin ortalarındakı monarxik İrana aparır. Sürəyya təhsil almış və Avropada yaşayan özünəməxsus cəlbedici gözləri olan gənc və təsirli bir qız idi. 1950-ci illərin ortalarında şah Məhəmməd Rza Pəhləvi onun şəklini görüb aşiq olmuşdu. O vaxtlar sürgün həyatı yaşayan və Pəhləvilərlə problemləri olan İsfəndiyari-Bəxtiyari ailəsi bağışlanır və İrana qayıtmağına icazə verilir.
İsfəndiyari-Bəxtiyari ailəsi İrana qayıdandan sonra şah Sürəyya ilə evlənir. İranda sakit həyat arzulayan Sürəyya bu evlilik sayəsində özünü sarayda və siyasi hadisələrin mərkəzində tapır.
Bir tərəfdən İranda siyasi hadisələr başlayır, digər tərəfdən monarxik ailə taxt-tacın varisi olacaq və monarxiyanın əbədiləşdirilməsini təmin edəcək bir uşağın doğulmasını gözləyir. Bütün bunlar isə siyasi və saray intriqaları ilə bir-birinə qarışır və nəticədə Məhəmməd Rza Pəhləvi ilə Sürəyyanın ayrılmasına səbəb olur.
Filmdə Sürəyya obrazını Anna Valle, şah Məhəmməd obrazını isə Erol Zadner canlandırıb. Stoyan Aleksiyev, Matilda Mey və başqaları da bu ekran əsərində rol alıblar.
Kino tənqidçiləri qeyd edirlər ki, rejissor Ludoviko Qasparini monarxik cütlüyün saray həyatını, ölkənin daxili aləmini, tarixi və siyasi inkişafları bir-birinə qarışan İranı ekranda yaxşı canlandıra bilib.

Sürəyya İsfəndiyari-Bəxtiyari 1951-ci ildən 1958-ci ilədək, 7 il şah Məhəmməd Rza Pəhləvinin arvadı olub.
Avropa tərbiyəsi almış Sürəyyanı İran şahının ortancıl bacısı şahzadə Şəms Londonda kəşf etmiş və şəklini qardaşına göstərmişdi.
O zamana qədər Məhəmməd Rza şahın birinci arvadı - Misir şahzadəsi Fevziyyə idi. Bu izdivacdan şahın bir qızı doğulmuşdu. Onlar ayrılandan sonra taxt-taca sahib çıxacaq varisə ehtiyac yaranmışdı.
Məhz həmin ərəfədə şahzadə Şəms Londonda gənc Sürəyyanı görüb bəyənmiş və onun qardaşına yaxşı həyat yoldaşı olacağını düşünmüşdü.
18 yaşlə Sürəyya ailəsilə birgə Tehrana gələndən sonra Məhəmməd Rza Pəhləvi ilə nişanlanmış, 1951-ci il fevralın 12-də isə toyları olmuşdu.
Evliliyin ilk ayları dinc keçsə də, şah ailəsi də, ölkə də bir xəbərin intizarında idi – varis nə vaxt doğulacaq?
Üç ildən sonra - 1954-cü ilin oktyabrında Sürəyyanın doktoru onun hamilə qalmaq şansının çox az olduğunu bildirir. Bu xəbər varis gözləyən şah ailəsini çox pərişan edir.
Şah ailəsi və siyasi güclərin basqısı üzündən cütlük ayrılmağa məcbur olur. 1958-ci il martın 14-də onların izdivacı sona çatır.

Boşanandan sonra Sürəyya İsfəndiyari-Bəxtiyari ölkəni tərk edir və İsveçrəyə sığınır. Lakin ayrılsalar da, keçmiş əri Məhəmməd Rza şah Sürəyyaya maddi dəstəyi kəsmir və o, Avropada dəbdəbə içində yaşayır.
1979-ci ildə İranda İslam İnqilabının qalib gəlməsi və Məhəmməd Rza Pəhləvinin devrilməsi Sürəyya İsfəndiyari-Bəxtiyarinin də maddi durumuna mənfi təsir edir. Belə ki, İranın yeni hökuməti şahın keçmiş arvadına dövlətdən ayrılan maddi dəstəyi dayandırır.
İnqilab nəticəsində vətənini tərk edərək mühacirətə yollanmış şah Məhəmməd Rza Pəhləvi 27 iyul 1980-ci ildə 60 yaşında Misirin paytaxtı Qahirədə xərçəngdən ölüb.
Sürəyya İsfəndiyari-Bəxtiyari isə keşmiş ərinin ölümündən 21 il sonra - 2001-ci il oktyabrın 25-də Parisdə vəfat edib.
A.Qorxmaz