Şaxtalı həmin qanlı yanvar gecəsində törədilən faciədən 36 il ötür. Əbəs yerə deyilməyib ki, Qanlı Yanvar... O soyuq, şaxtalı gecədə yüzlərlə insanın həyatına son qoyuldu. Yüzlərlə insan, qadın, uşaq, qoca demədən kütləvi şəkildə, amansızcasına qətlə yetirildi. 20 Yanvar faciəsi bu gün Azərbaycan xalqının yaddaşında canlı, ağrılı, bununla bərabər qürurverici bir tarix kimi yaşayır. Həmin gecə doğma yurdunun azadlığını, şərəf və ləyaqətini hər şeydən üstün tutan qeyrətli Azərbaycan övladları sovet ordusunun tankları və silahları qarşısında geri çəkilmədi, canlarını fəda edərək şəhidlik zirvəsinə ucaldılar. O gecə tökülən qan yalnız bir faciənin deyil, həmçinin xalqın milli mübarizəsinin, birlik və azadlıq iradəsinin rəmzinə çevrildi.
20 Yanvar bu gün təkcə matəm günü deyil, eyni zamanda azadlıq uğrunda dirəniş, vətənə sədaqətin və milli kimliyin qorunmasının şanlı tarixi simvoludur. Qəhrəman şəhidlərin xatirəsi hər növbəti nəsil üçün bir ibrət dərsi, hər bir azərbaycanlı üçün isə mənəvi borcdur.
Ümumxalq Hüzn Günü münasibətilə ölkənin siyasi və ictimai həyatında təmsil olunan şəxslər Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət mərasimində Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri iştirak ediblər. Onlar Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları üzərinə tər güllər düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.
Ziyarətdə həmçinin Milli Məclisin rəhbərliyi və deputatlar da iştirak ediblər. Milli Məclisin birinci vitse-spikeri Əli Əhmədov, vitse-spikerlər Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov, parlamentin komitə sədrləri, deputatlar və Milli Məclis Aparatının əməkdaşları şəhidlərin ruhu qarşısında baş əyiblər.
Şəhidlər xiyabanını ziyarət edənlər arasında xarici işlər naziri Ceyhun Bayramov, səhiyyə naziri Teymur Musayev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, digər rəsmi şəxslər, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, eləcə də dini icma nümayəndələri də yer alıblar.
Hər il olduğu kimi, bu il də minlərlə vətəndaş Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canından keçmiş şəhidlərin məzarlarını ziyarət edib. Şəhid məzarları önünə gül dəstələri düzülüb, onların ruhuna dualar oxunub.
20 Yanvar hüznlə yanaşı, eyni zamanda qürurun bir arada yaşandığı gündür. Şəhidlər xiyabanında insanların simasında dərin kədər hissi ilə yanaşı, böyük bir iftixar duyğusu hiss olunurdu. Bu müqəddəs məkanda Vətən müharibəsi iştirakçılarını, qaziləri, hərbçiləri, dövlət qurumlarının nümayəndələrini, veteranları, gəncləri və məktəbliləri görmək mümkün idi. Ata-analar övladlarını, nənə və babalar nəvələrini özü ilə gətirərək onlara 20 Yanvar faciəsinin tarixi əhəmiyyətini, şəhidlərin Vətən və xalq qarşısında göstərdikləri misilsiz fədakarlığı, habelə b günü milli yaddaşın və müstəqillik mübarizəsinin unudulmaz dərsi kimi aşılayırdılar.
Azərbaycan xalqı bu tarixi faciəni unutmur, onu azadlıq yolunda dönməz iradəsinin sübutu kimi yaşadır. 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq, bu qanlı faciə isə xalqımızın azadlıq və müstəqillik uğrunda göstərdiyi dönməz iradənin rəmzi kimi tarixdə qalacaq.
Modern.az Şəhidlər Xiyabanından fotoreportajı təqdim edir:

















