Modern.az

Bir şəklin tarixçəsi: Türk dünyasının söz adamları: İlber Ortaylı, Bəxtiyar Vahabzadə...

Bir şəklin tarixçəsi: Türk dünyasının söz adamları: İlber Ortaylı, Bəxtiyar Vahabzadə...

Reportaj

Bu gün, 09:38

Türk dünyası böyük bir alim, böyük bir fikir adamı və tarix şüurunun canlı simasını itirdi. Preofessor İlber Ortaylı dünəndən artıq aramızda deyil. Onun vəfatı bütün Türk dünyasında böyük hüznlə, ağır itki kimi qarşılanıb.

13 mart 2026-cı ildə İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişən məşhur alim 78 illik ömrünü tarixə, elmə və cəmiyyətin maariflənməsinə həsr etmişdi.

İlber Ortaylı tarix elmini auditoriyalardan çıxarıb geniş cəmiyyətə çatdırmağı bacaran nadir alimlərdən idi. Onun mühazirələri, kitabları və televiziya çıxışları sayəsində minlərlə insan Osmanlı və Türk tarixini yeni gözlərlə tanıdı.

Xüsusilə Osmanlı imperiyası və Türk dövlətçilik ənənəsi barədə araşdırmaları ilə tanınan Ortaylı, həm də bir çox universitetlərdə dərs demiş, saysız-hesabsız tələbə yetişdirmişdi.

Tarixi hadisələrə geniş baxış, sivilizasiyalar arasındakı əlaqələr və dövlətçilik mədəniyyəti haqqında fikirləri onu Türk dünyasında ən çox dinlənilən ziyalılardan birinə çevirmişdi.

İlber Ortaylı Türk dünyasının ortaq yaddaşını təmsil edən alimlərdən biri idi. Krım tatar köklərinə sahib olan Ortaylı tarixə millətlərüstü və sivilizasiya baxışından yanaşırdı.

Onun çıxışlarında tez-tez belə bir fikir səslənirdi: tarix yalnız keçmişin xatirəsi deyil, gələcəyin də istiqamətidir. Bu baxımdan Ortaylının əsərləri və fikirləri gələcək nəsillər üçün dəyərli bir məktəb olaraq qalacaq.

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoda Azərbaycanın ünlü simaları mərhum İlber Ortaylı ilə birgə təsvir olunub.

Bu şəkil həm xatirə, həm də bir dövrün ruhunu daşıyan səssiz sənəddir. Bu kadrda bir araya gələn simalar Türk dünyasının düşüncə və ədəbiyyat xəzinəsini formalaşdıran insanlardır.

Tarixçi baxışı ilə keçmişi oxuyan İlber Ortaylı, milli yaddaşı romanlara çevirən Əzizə Cəfərzadə, Azərbaycan nəsrinin aparıcı qələm sahiblərindən Elçin Əfəndiyev, poeziyamızın istiqlal nəfəsini dünyaya çatdıran Bəxtiyar Vahabzadə və digərləri…

Onları bir masa ətrafına ortaq fikir, söz və tarix gətirmişdi. İllər keçsə də, bu kadrda donub qalan baxışlar bir həqiqəti pıçıldayır: söz və fikir birləşəndə tarix yaranır.

Xalq yazıçısı Elçin Əfəndiyevin şəxsi arxivindən olan fotonun tarixçəsini filologiya elmləri doktoru Abid Tahirli danışır:

“Xalq yazıçısı Elçin 1985-ci ildə “Vətən” Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətini yaratmışdı. Cəmiyyət 1988-ci ildə min bir əziyyətlə Mirzə Fətəli Axundzadənin anadan olmasının 175 illiyini keçirirdi.

Bu fotonu həmin beynəlxalq simpoziumda “Ədəbiyyat qəzeti"nin fotomüxbiri Rasim Sadıxov çəkib.

Şəkildə soldan ayaqüstə duranlar: Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, “Vətən” Cəmiyyətinin əməkdaşı Hüseyn Heydərov, Xalq yazıçısı Əzizə Cəfərzadə, Xalq yazıçısı, “Vətən” Cəmiyyəti Rəyasət Heyətinin sədri Elçin, “Vətən” Cəmiyyətinin əməkdaşı Elxan müəllim, “Dağyeli-Ferlaq” nəşriyyatının (Almaniya) direktoru İldırım Dağyeli, “Odlar yurdu” qəzetinin məsul katibi Abid Tahirli, Poliqrafiya və Kitab Ticarəti Komitəsinin (Mətbuat və İnformasiya Nazirliyi) sədri Nazim İbrahimov, Xalq şairi Bəxtiyar Vahabzadə, prof. İren Məlikova (Fransa); əyləşənlər (soldan): prof. Sərvər Tanilli (Fransa), Topqapı muzeyinin (İstanbul) direktoru İlbər Ortaylı”.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?