Türkiyə artıq dünya turizminin əsas mərkəzlərindən birinə çevrilib və bu, heç kimə sirr deyil. Bunun səbəbi yalnız möhtəşəm təbiət mənzərələri deyil. Zəngin tarix, rəngarəng mədəniyyət, istiqanlı insanlar, qonaqpərvərlik, məşhur mətbəx və peşəkar xidmət sektoru bu ölkəni turistlər üçün xüsusi cazibə məkanına çevirir.
Antalya sahilləri, Kapadokyanın səmaya yüksələn qayaları, Efesin əzəmətli sütunları, Pamukkalenin ağ terrasları və Mardinin daş küçələri – hər biri ayrı bir tarix danışır.
Türkiyədə ilin hansı fəslində səfər etməyindən asılı olmayaraq, səni yeni bir təbiət möcüzəsi qarşılayır. Bu ecazkar məkanı hər dəfə yenidən kəşf etmək mümkündür.
Türkiyənin turizm uğurlarında dövlət strategiyasının mühüm rolu var. Mədəniyyət və Turizm Nazirliyi və onun nəzdində fəaliyyət göstərən Turizm Tanıtım və İnkişaf Agentliyi (TGA) ölkənin turizm potensialını dünyada tanıtmaq üçün geniş layihələr həyata keçirir. “GoTürkiye” platforması, beynəlxalq sərgilər və rəqəmsal kampaniyalar sayəsində Türkiyə son illərdə dünyanın ən çox ziyarət edilən ölkələri sırasında özünəlayiq yer tutur.
Tarixin və mədəniyyətin qovşağı – İstanbul

Səfərimizin ilk dayanacağı iki qitəni birləşdirən möhtəşəm şəhər – İstanbul idi. Türkiyənin ən böyük şəhəri olan bu metropolda 16 milyona yaxın insan yaşayır. Mərmərə dənizi və Bosfor sahili boyunca uzanan şəhər Avropa və Asiya qitələrini birləşdirən nadir məkanlardandır.
İstanbul həm də dörd böyük imperiyanın paytaxtı olub. Şəhər 330–395-ci illərdə Roma İmperiyasının, 395–1204 və 1261–1453-cü illərdə Bizans İmperiyasının, 1204–1261-ci illərdə Latın İmperiyasının, 1453–1922-ci illərdə isə Osmanlı İmperiyasının paytaxtı kimi tarixə düşüb.
Qara dənizlə Mərmərə dənizini birləşdirən Bosfor boğazı şəhərə həm strateji, həm də geosiyasi baxımdan böyük əhəmiyyət qazandırır. İstanbulun simvolları sayılan Sultan Əhməd məscidi, Ayasofya, Dolmabaxça sarayı, Eyüp Sultan məscidi və Taksim meydanı hər il milyonlarla turistin diqqətini cəlb edir. Bu şəhərdə hər daşın, hər küçənin altında bir tarix yatır.
İstanbulun ürəyi – Taksim
İstanbulun ruhunu hiss etmək üçün isə xüsusi bir məkan var. O məkan Taksim meydanıdır. Bəyoğlu rayonunda yerləşən Taksim sadəcə bir meydan deyil – şəhərin nəbzidir. Burada minlərlə insanın addım səsləri, küçə musiqiçilərinin ifaları, satıcıların çağırışları və uzaqdan gələn tramvay zəngi qəribə bir harmoniya yaradır.
Meydanın mərkəzində ucalan Cümhuriyyət abidəsi Türkiyənin quruluş ruhunu əks etdirir. İlin istənilən günü burada turistlərin, gənclərin və şəhər sakinlərinin izdihamı müşahidə olunur.
Taksimdən aşağı uzanan İstiqlal caddəsi isə tamam başqa bir aləmdir. Küçə boyunca hərəkət edən qırmızı nostalji tramvay sanki insanı zamanın içindən keçirir. Qədim binalar, sənət qalereyaları, kitab mağazaları və kafelər bu küçəyə xüsusi bir ab-hava verir.
İstiqlal caddəsi ilə addımladıqca İstanbulun çoxmillətli və kosmopolit ruhu daha aydın hiss olunur. Bir tərəfdə küçə musiqiçiləri retro türk mahnıları ifa edir, digər tərəfdə turistlər şəhərin enerjisini hiss etməyə çalışırlar.
Taksimdən yol bizi Qalata istiqamətinə aparır. Burada ucalan Qalata qülləsi əsrlərin dərinliyindən boylanaraq müasir şəhərə şahidlik edir. Qüllənin ətrafındakı dar küçələr, kiçik emalatxanalar və sənət məkanları insanı başqa bir zamana aparır.

Fəthin ruhunu yaşadan məkan
İstanbul səfərimiz zamanı İslam dünyası üçün böyük mənəvi əhəmiyyət daşıyan Sultan Eyyub məscidini də ziyarət etdik.
Bu məscid Məhəmməd Peyğəmbərin (s.ə.s) bayraqdarı və səhabəsi Əbu Eyyub əl-Ənsarinin məzarı üzərində inşa olunub. Rəvayətə görə, o, İstanbulun ilk müsəlman mühasirəsi zamanı vəfat edib və şəhər divarlarına yaxın dəfn olunmağı vəsiyyət edib.
1453-cü ildə İstanbul fəth edildikdən sonra onun məzarı tapılır və II Mehmedin əmri ilə burada məscid tikilir. Osmanlı dövründə yeni taxta çıxan sultanlar məhz burada dua edir və “qılınc kuşanma” mərasimi ilə hakimiyyətlərini rəsmiləşdirirdilər. Bu gün də Eyüp Sultan məscidi müsəlman dünyasının ən müqəddəs məkanlarından biri sayılır. Məscidin həyətində addımlayarkən göyərçinlərin qanad səsi və dua edən insanların pıçıltısı insanı əsrlərin sükutuna aparır.
Əsrlərin yaddaşı – Ayasofya
İstanbulun ən möhtəşəm tarixi abidələrindən biri isə Ayasofyadır. VI əsrdə Bizans imperatoru I Yustinian tərəfindən inşa edilən bu möhtəşəm tikili əsrlər boyu imperiyaların şahidi olub. 55 metr hündürlüyündə olan nəhəng qübbəsi və 40 pəncərəsindən süzülən işıq Ayasofyaya xüsusi bir ilahi aura bəxş edir.
1453-cü ildə İstanbul fəth edildikdən sonra Ayasofya məscidə çevrilir və 481 il bu statusda fəaliyyət göstərir. XX əsrin 30-cu illərində muzeyə çevrilən bu möhtəşəm abidə 2020-ci ildən yenidən məscid kimi ibadətə açılıb.
Ayasofyaya daxil olanda insan sanki zamanın içində dayanır. Bir tərəfdə xristian mozaikaları, digər tərəfdə islam xəttatlıq nümunələri… İki böyük sivilizasiyanın izləri burada yanaşı yaşayır.

Osmanlının ilk paytaxtına yol
İstanbul səfərindən sonra yolumuz Osmanlı dövlətinin ilk paytaxtı olan Bursa şəhərinə idi. Bursaya gedərkən Osman Qazi körpüsündən keçirik. Uzunluğu iki kilometrdən artıq olan bu möhtəşəm körpü dünyanın ən böyük asma körpülərindən biridir.
Uludağın ətəyində yerləşən Bursa Türkiyənin dördüncü böyük şəhəridir və əhalisi üç milyona yaxındır. 1326-cı ildə Orxan Qazi tərəfindən fəth edilən şəhər 130 il boyunca Osmanlı dövlətinin paytaxtı olub.
Yaşıl Bursa – imperiyanın beşiyi
Bursa “Yaşıl şəhər” kimi tanınır. Şəhərin sakit ritmi, yamyaşıl təbiəti və qədim tikililəri insanı sanki başqa bir zamana aparır. Şəhərin mərkəzində ucalan Osman Qazinin türbəsi Osmanlı dövlətinin başlanğıc nöqtəsini xatırladır. Burada altı Osmanlı sultanının məzarı yerləşir.

Bursanın ən möhtəşəm abidələrindən biri isə XIV əsrin sonlarında inşa edilən Ulu Cami məscididir. 20 qübbəli bu möhtəşəm tikili erkən Osmanlı memarlığının ən parlaq nümunələrindən sayılır.
Rəvayətə görə, İldırım Bəyazid bir döyüşə gedərkən qalib gələrsə 20 məscid tikdirəcəyinə and içib. Sonradan isə bu vədini 20 qübbəli böyük bir məscid inşa etdirməklə yerinə yetirib.
Şəhərdə yerləşən Yaşıl məscid və Yaşıl türbə isə Osmanlı memarlığının zərif çini sənətini nümayiş etdirən nadir abidələrdəndir.
İpək yolunun izi
Bursa tarix boyu İpək yolunun mühüm dayanacaqlarından biri olub. Koza Han karvansarayı bu gün də o dövrün ticarət ruhunu qoruyur.
Həyətindəki fəvvarənin səsi, kölgədə çay içən insanlar və ipək şərflər satan dükanlar sanki keçmiş karvanların izlərini yaşadır. Şəhərin üzərində daim görünən Uludağ dağı isə Bursanın təbii simvoludur. Qış aylarında xizək həvəskarlarının, yayda isə sərin hava axtaranların əsas ünvanlarından biridir.
Bursa çox fərqli şəhərdir. Nədənsə ürəyimdə bu şəhərə qarşı çox isti münasibət var. Osmanlının ilk paytaxtı Bursa İstanbul və onun sakinləri kimi heç hara tələsmir. Burada həyat öz axarı ilə gedir, insanın qəlbini sakitləşdirən bir hüzur hökm sürür.
Bursaya gəlib İsgəndər kababının dadına baxmamaq isə demək olar ki, mümkün deyil. Bu məşhur yeməyi öz vətənində dadmaq xüsusi bir kulinariya təcrübəsidir.

Şəhərlə vidalaşarkən
Bursa ilə ilk tanışlığım 2022-ci ildə olmuşdu. Həmin il şəhər TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdi. Budəfəki səfərdə isə onu daha yaxından hiss etdim. Havasını ciyərlərimə çəkdim, tarixini addımladım, sükutunu dinlədim.
Bəzi şəhərlər xəritədə qalır. Bursa isə insanın içində.
Ayrılarkən “getdim” demək olmur. Sadəcə növbəti görüşə qədər sağollaşırsan.
Sirli, sehrli və iki qitəni birləşdirən İstanbulla, eləcə də Osmanlının ilk paytaxtı, hüzur verən Bursa ilə xudahafizləşmirəm, “hələlik” deyirəm.
Mütləq bir də görüşəcəyik.





Səadət Hakıyeva