Modern.az

Şəhiddən qalan son foto: Aprel döyüşlərindən 1 gün öncə çəkilmiş ŞƏKİL

Şəhiddən qalan son foto: Aprel döyüşlərindən 1 gün öncə çəkilmiş ŞƏKİL

Reportaj

Bu gün, 09:02

Aprel döyüşləri Azərbaycanın hərb tarixində qısa zaman kəsiyini əhatə estə də, yaddaşlarda silinməz iz qoyan səhifələrdən biri kimi xatırlanır. Cəbhə xəttində baş verən həmin savaş təkcə hərbi deyil, həm də mənəvi baxımdan xalqın birliyini və vətənə bağlılığını bir daha nümayiş etdirdi. Bu döyüşlər şəhidlərimizin qəhrəmancasına, dönməz və məğrur iradəsinin nəticəsi idi. Həmin günlərdə şəhid olan gənclərin hər biri arxasında yarımçıq qalan arzular və unudulmaz xatirələr buraxdı. Bu gün isə onlardan qalan bir foto, bir məktub, bir xatirə həm kədərin, həm də qürurun ifadəsinə çevrilir. Eynilə, Fəxrəddindən qalan son foto və məktub kimi…

Modern.az saytının “Şəhiddən qalan son foto” rubrikası davam edir. Rubrikamızın budəfəki təqdimatı Aprel döyüşləri iştirakçısı - şəhid Fəxrəddin Seyfəddin oğlu Qurbanlının xatirəsinə həsr olunur.

Şəhidin atası Seyfəddin Qurbanovun sözlərinə görə, oğlunun son fotosu Aprel döyüşləri başlamazdan bir gün öncə çəkilib:

“Bu şəkil müharibədən bir gün öncə, Fəxrəddinin döyüş yoldaşlarının da yer aldığı əsgərlərin psixoloji hazırlığının yoxlanıldığı an çəkilib.

Aprel döyüşlərindən təxminən 10-15 gün əvvəl idi. Gecə saat 1 radələri olardı, poçtalyon zəng edib məktub gəldiyini dedi. Mən də gecəylə poçtalyonun evinə gedib məktubu götürdüm. Bilmirdim, açanda gördüm ki, içində şəkil də var.

Fəxrəddin elə bir övlad idi ki, hərbi xidmətdə olanda hər ay yanına gedib-gəlirdim. Sadəcə, son ay gedə bilmədim. Buna səbəb isə anasının səhhətində problem yaranması idi".

Şəhid atası bildirir ki, Fəxrəddin həm də universitet tarixində ən yüksək təqaüd alan tələbələrdən biri olub:

"Amma aldığı təqaüdü özü üçün xərcləmirdi, uşaq evlərinə, qocalar evlərinə yardım edərdi. Universiteti fərqlənmə diplomu ilə bitirmişdi. Öz planları, arzuları var idi. Magistratura təhsilini də təxirə saldı ki, əvvəlcə vətən qarşısında borcunu yerinə yetirsin, sonra təhsilini və karyerasını davam etdirər. Fəxrəddin həm də çox vətənpərvər uşaq idi...

Qismət belə gətirdi... Hər valideyn kimi mənim də arzularım var idi. Böyütmüşdüm ki, bir gün mən də onun xoş günlərini görüm...”

Fəxrəddin Seyfəddin oğlu Qurbanlı 13 yanvar 1994-cü ildə Bakı şəhərinin Binəqədi rayonunda anadan olub. O, Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə təhsil alıb. 2011-ci ildə Azərbaycan Universitetində Sosial iş ixtisası üzrə ali təhsil alıb, əlaçı və nümunəvi tələbə kimi tanınıb. 2015-ci ilin iyulunda hərbi xidmətə yollanan Fəxrəddin Qurbanlı 2016-cı ilin aprelində qəhrəmancasına şəhid olub. Aprelin 9-da Bakı şəhərinin Binəqədi rayonunda son mənzilə yola salınıb.

O, ölümündən sonra döyüş müddətində göstərdiyi qəhrəmanlığa görə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

2018-ci ildə Azərbaycan Universitetində onun adına təqaüd təsis olunub, yaşadığı küçəyə isə Fəxrəddin Qurbanlının adı verilib.

Sizə yeni x var
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!