Modern.az

Bahar Muradovadan ATƏT PA-nın prezidentinə MÜRACİƏT

Bahar Muradovadan ATƏT PA-nın prezidentinə MÜRACİƏT

Təhsil

5 Aprel 2016, 18:40

Milli Məclisinin sədr müavini, parlamentin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova son günlər erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində və cəbhə xəttində baş vermiş hadisələrlə əlaqədar ATƏT Parlament Assambleyasının Prezidenti İlkka Kanervaya və qurumun  Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi cənab Kristian Viqeninə məktubla müraciət edib.

Modern.az-ın xəbərinə görə, təşkilatın prezidentinə ünvanlanmış məktubda bildirilir ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT Parlament Assambleyasının qətiyyətli mövqeyinin bildirilməsinə bu gün böyük ehtiyac duyulur.

“Azərbaycan xalqı illərcə erməni millətçilərinin etnik təmizləmə, soyqırım siyasətinin qurbanına çevrilmişdir. Erməni silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu vəziyyətin gərginləşməsinə,  regionda sülh və sabitliyə ciddi təhlükə yaratmaqda davam edir.

Belə ki, 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələri təxribat törədərək atəşkəs rejimini kobud şəkildə pozub, Azərbaycan mövqelərinə, yaşayış məntəqələrinə ağır texnikalardan və artilleriyadan istifadə edərək hücuma keçmiş, dinc sakinlərimizi hədəfə alıblar. Bu təxribat nəticəsində onlarla dinc sakin yaralanıb və həlak olub, xeyli sayda ictimai bina, şəxsi evlər dağıdılıb, böyük maddi ziyan vurulub.

Aprelin 3-də  beynəlxalq qurumların müraciətlərini nəzərə alaraq Azərbaycan silahlı qüvvələri düşmənə cavab tədbirlərini birtərəfli qaydada dayandırıb. Bununla biz münaqişənin danışıqlar yolu ilə həllinə sadiqliyimizi bir daha nümayiş etdirmişik. 

Amma Ermənistan silahlı qüvvələri  cəbhə xəttində yeni-yeni təxribatlara əl atmaqda davam edir və bu hərəkəti ilə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan sülh danışıqlarına ciddi zərbə vurur”. Müraciətdə daha sonra qeyd edilir ki, BMT  Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu birmənalı şəkildə təsbit edilib və işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxarılması tələb edilib.  

“Status-kvonun saxlanılmasının qəbuledilməzliyi ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - ABŞ, Rusiya və Fransa prezidentləri tərəfindən də dəfələrlə qeyd olunub, lakin Ermənistan bu çağırışa məhəl qoymayıb. Ümumiyyətlə, Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin indiyə kimi irəli sürdüyü bütün təşəbbüsləri rədd edib. Bu hal bir daha sübut edir ki, rəsmi Yerevan hərbi münaqişənin siyasi həllinin tapılmasında maraqlı deyil”.

Bahar Muradovanın ATƏT  Parlament Assambleyasının Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsinə ünvanlanmış digər məktubunda cənab Kristian Viqeninə məlum hadisələrlə əlaqədar təkcə narahatçılıq hisslərini bildirmək və qısa çağırışlar etməklə kifayətlənməmək tövsiyə olunur.

Bildirilir ki, ATƏT PA-nın Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsinin gələcəkdə səlahiyyət çərçivəsinə daxil olan məsələlərlə bağlı bir qədər daha ətraflı pres-relizləri və müntəzəm hesabatları BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının, ATƏT, AŞPA və s. nüfuzlu beynəlxalq təşkilatların sənədlərində təsbit edilmiş məsələlərin yerinə yetirilməsinə öz töhfəsini vermiş olar.   Müxtəlif beynəlxalq təşkilatlar tərəfindən artıq hadisələr haqqında obyektiv çağırışlar eşidilməkdədir. Bahar Muradovanın ATƏT PA-nın hər iki rəsmi şəxsinə ünvanlanmış məktubunun sonunda deyilir:

“Sizdən xahiş edirik ki, bütün imkanlarınızdan istifadə edərək Ermənistan tərəfinə təzyiq edəsiniz və Ermənistandan cəbhə xəttində yaratdığı  gərginliyi aradan qaldırmağı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə və Helsinki Yekun Aktının norma və prinsiplərinə uyğun olaraq Azərbaycan torpaqlarının qeyri-qanuni işğalını dayandırmağı, bütün işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını qeyd-şərtsiz çıxartmağı, 1 milyondan çox azərbaycanlının öz evlərinə ləyaqətlə qayıtmalarına şərait yaratmağı tələb edəsiniz.”  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...