Kanadanın şimal-şərqindəki Ontario əyalətinin hindular məskunlaşan Attavapiskat qəsəbəsində fövqəladə vəziyyət elan edilib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, buna səbəb ötən bazar günlərində 11 nəfərin intihara cəhd etməsi olub.
Məlumatda qeyd edilir ki, son 7 ay ərzində 100-ə yaxın qəsəbə sakini özlərini öldürməyə cəhd edib. Onlardan biri ölsə də, qalanlarını xilas etmək mümkün olub.
Kanadanın Səhiyyə Nazirliyi kri hindu xalqından olan təxminən 2 min nəfər təşkil edən icmanın məskunlaşdığı əraziyə tərkibində tibb işçiləri və psixoloqların olduğu çevik qruplar göndərib. Kanadanın yerli xalqlarının milli başçısı Perri Bellaqarde Attavapiskatdakı böhranı dövlət səviyyəli faciə adlandırıb.
Onun sözlərinə görə, belə vəziyyət çarəsizlikdən əziyyət çəkən hindu icmaları üçün xarakterikdir.
Bellaqarde xatırladıb ki, mart ayında Manitoba əyalətinin şimalında hinduların yaşadığı qəsəbədə də fövqəladə vəziyyət elan edilib.
Orada bir necə gənc intihara cəhd edib. Attavapiskat qəsəbəsində bu kədərli hadisə 2015-ci ilin sentyabr ayında, 5 yeniyetmə qızın naməlum maddə içərək intihara cəhdindən sonra başlayıb. O zaman həmin yeniyetmələrin də həyatını xilas etmək mümkün olub.
Kanadanın baş naziri Castin Tryudo özünün “Twitter” səhifəsində yazıb ki, onun ürəyi bu faciəli hadisəyə görə parçalanır.
O, söz verib ki, hökumət ölkənin köklü xalqlarının həyat şəraitinin yaxşılaşdırılması üçün bütün səylərini sərf edəcək.
Modern.az