Modern.az

Dosyesi açılan Azərbaycan gəncliyi

Dosyesi açılan Azərbaycan gəncliyi

Təhsil

13 Aprel 2016, 11:45

Dağlıq Qarabağ cəbhəsindəki müharibə vəziyyətinə reaksiyalar fonunda Azərbaycanda təzə hərəkatçılıq dalğasının başlanması və onun mətin xarakterlər, iqbalı parlaq insanların çiyinləri üzərində dayanması kimi  pozitiv duyğular yaşanır.

Cəmiyyətdə əski zamanların mübarizəsi ilə gizli ruhi əlaqə yaradan, həmin dönəmləri   xatırladan xeyirli bir səs-küy var ki, onun mərkəzində müstəqillik dövrünün gəncləri, yeniyetmələri dayanır və  Əbülfəz Elçibəyin yoxluğu ilə iflasa gedən hərəkatçılıqda vakumu doldurmaq tendensiyasına layiqli müəlliflik etməyə başlayırlar.

Onlar yamsılama ilə məşğul deyillər, çünki keçmişi xatırlamırlar. Onlar heç Qarabağı da görməyiblər.

Planlaşdırılmış, süni  ideoloji təbliğatın aləti də deyillər, bu halda saxtakarlıq mütləq qabarar, vətənə aid şüarlar şablon, ümumi proses son dərəcə sıxıcı və yumorastik təsir bağışlayardı. 

Tək bir detalla sübut yetər ki, bu günlərdə Təbriz gəncliyinin Şimali Azərbaycan gəncliyi ilə sinxron vətənpərvərliyinə ideoloji aparatın əlləri uzana bilməzdi. Yəni, ortada heç bir drijor yox, sadəcə, oğuzun  dərin genetik kodlarına bağlı şəffaf bir vətənsevərlik amili var.    


Qarabağdan qələbə xəbərləri və şəhid cənazələri gəlməyə başlayandan qarşımıza elə bir gənclik çıxdı ki, köhnə nəsil illərlə bu nəsli ciddi tənbeh edirdi; fərsiz sayırdı,  cahillikdə, nadanlıqda ittiham edirdi, şou aləminə düşgün, meşşan təbiətli, bəzən manqurtlaşmış bir dəyərlə qiymətləndirirdi.

İnternet əyləncələri qarşısında oturmasına qıcıqlanırdı, gələcəklərinə nigarançılıq qayğısına düşürdü.

Gündə bir intihar xəbəri gəncliyin tənəzzülü anlamında toplumu məyus edirdi.

Gündə ağır bir cinayət gənclik üçün pis xarakteristika cızırdı. Bu düşüncələr ətrafda hər şeyə arzuolunmaz ümidsizlik yaradırdı.      

Halbuki Azərbaycanın gül kimi bir gəncliyi varmış: toplumu bitmiş, tükənmiş, aciz və yalqız göstərməyən, gözündə qorxu olmayan, üzündə müharibə səksəkəsi ifadələnməyən, içi vətənə  eşqlə dolu bir gənclik.    

Onlar harda yetişdi, necə yetişdi-cavab vermək çətindir. Çünki efiri zəbt edən əyləncə proqramları, reklamdan gələcək pullara hərislik vətənpərvərlik təbliğatını sıxışdırıb çıxarmışdı.

Bəlkə təhsil? Amma təhsildə də prioritet mövzu bu deyildi. Məntiqdən, riyaziyyatla əlləşməkdən vətənpərvərlik təbliğatı küncə sıxışdırılmışdı.  

Əlamətdar günlərdən-günlərə müzakirələr gəncliyin içini yüksək məziyyətlərlə doldurmaqda yetərli hal deyildi.

Bəlkə də bu milli gen faktoru ilə birlikdə nəslin müstəqil, gözlərimizdən iraqda qazandığı bir fəzilətdir.    

Biz böhtanlarımız, güvənsizliyimiz, bir sözlə atdığımız çamurla onları indiyə kimi məhz aşağılamışdıq.        

Gənclik, onun ətrafında yaradılan absurdları gözlənilmədən dağıdır. Öz dosyesini özü açır və vətən üçün fövqəladə bir hərəkatçılıq potensialını, necə bir gövhər  olduğunu isbat edir.

O, təhsilində axsaya bilir, ali məktəb tələbəsi olmaq qururundan məhrum qala bilir, sosial şəbəkələrdə saatlarla oturmaqla həyatın çox  faydalı tərəflərini itirir, lakin vacib mənəvi keyfiyyətini sübut etməsinə azacıq bir qığılcım kifayət edir.  

Ölkənin məcbur qaldığı müharibə siyasətinin qururverici tərəfi qələbənin hələ tam açıqlanmayan aspektləri, yəni geri alınan ərazinin dəqiq faizi ilə bağlıdırsa,  hərbi sərtliyə dözümlülük, güclü çıxan vətən instinkti, torpağın yeni nəslin şüuruna mənəvi qiblə kimi çökməsi,  canfədailər ordusunda könüllülük prinsipi bu proseslərə əvəzolunmaz bir estetika qatır.    

Çağdaş nəslin hesabına ortaya çıxan xoş atmosfer onu göstərir ki, bütün zamanlarda olduğu kimi, bu gün də Azərbaycan üçün istehkam çəpərləri qurmağa qadir təpərli toplum var və yaranmış situasiya nə qədər gəncə öz uğurlu siyasi karyerasını bu proseslər içərisində qurmağa mükəmməl şans verir. 

Siyasi düşərgədə hərtərəfli böhran yaşanırkən, hakimiyyət uğrunda mübarizə aparan qüvvələr hər biri fərasətini isbat etməkdə olan gəncliyi özünün sosial bazasına çevirmək marağını güdə bilər.

Lakin istisnasız belədir ki, köksünü qabağa vermək, döyuşə müzəffərlik sərgiləyən, şəhid vidalarını böyük hərəkatçılıq  formatında təqdim edən bu gənclik yalnız vətənin sosial bazasıdır. Və Azərbaycanın gələcək siyasi kontingentidir. Gələcək siyasi təşkilatların kökləri bu mübarizənin içərisində atılır.

Meydana yeni-yeni liderlər vətən məsələsinə aid çağdaş proseslərdən  çıxacaq. Necə ki, müstəqillik mücadiləsi ilə paralel inkişaf edən Qarabağ məsələsi hazırkı əksər siyasi-ictimai simanı siyasi spektrə və dövlətin başına  gətirdi.           

İkinci Qarabağ savaşının itkilərini zəfər ruhunda torpağa təhvil verən gənclik indi elə bir aliməqamdadır ki, səlahiyyətlərini və vacib vəzifəsini özü müəyyənləşdirmək ixtiyarı qazanıb. Barəsində köhnə nəslin tərtib etdiyi dosyeni cırıb zibil qutusuna atmaq və həqiqi, sevindirici dosyeni ortaya qoymaqla.

Onlar Azərbaycanın uğurlu talismanı kimi toplumu etibarlı gələcək üçün indi kifayət qədər arxayın salır...

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...