“Azərbaycanda 9144 şagird ev şəraitində təhsil alır”. Modern.az saytı xəbər verir ki, bu barədə Anspress.com Təhsil Nazirliyininümumi təhsil və məktəbəqədər təhsil şöbəsinin aparıcı məsləhətçisi Əhliyyət Adıgözəlova istinadən məlumat yayıb.
Onun sözlərinə görə kar və zəif eşidənlər, korlar, ağır nitq qüsurlu uşaqlar, güclü psixoloji düşkünlük yaşayan kəslər, eləcə də əqli cəhətdən zəif inkişaf edən şagirdlər üçün xüsusi təhsil metodundan istifadə edilir. Ölkədə bu kimi qüsurlu şagirdlər üçün biri Bakıda, digəri isə Sumqayıtda olmaqla iki məktəb fəaliyyət göstərir.
Ekspert onu da əlavə edib ki, evdə təhsil Nazirlər Kabinetinin 10 may 2002-ci il tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”na uyğun həyata keçirilir. Hər bir rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) nəzdində Psixoloji-tibbi-pedaqoji komissiya fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud və xəstəliyi “Evdə təhsil almaq hüququ verən xəstəliklər”ə aid olan şagirdlər həmin komissiyanın qərarı ilə evdə təhsilə cəlb olunurlar. Sözügedən qaydalara görə, sağlamlıq imkanları məhdud olan uşaqlar evdə təhsil məktəbinə, yaxud şagirdin yaşadığı ərazidəki ümumtəhsil məktəbində evdə təhsil ala bilər. Bölgələrdə isə həmin qüsurun daşıyıcıları üçün adi orta ümumtəhsil məktəbinin nəzdində tədris təşkil olunur.
Qeyd edək ki, bu sistem fəaliyyətə başlamazdan əvvəl bu kimi problemlərlə üzləşən şagirdlərin evlərinə yaxın məktəbin müəllimləri gedirdi. Nizamnaməyə əsasən ev şəraitində dərs deyən müəllimlərə maaşının 50 faizi miqdarında əlavə bonus verilirdi.
Modern.az