
"Təhsil Nazirliyinin diqqət mərkəzində ilk növbədə zəif nəticə göstərən məktəblər üçün xüsusi layihələrin hazırlanmasıdır". Modern.az xəbər verir ki, bu barədə təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan üçün öyrət" layihəsinin təqdimatında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, elə bölgələr və məktəblər var ki, onlar ümumrespublika göstəricilərindən xeyli dərəcədə aşağı nəticələr göstərir.
“Nəzərdə tutulan layihənin məqsədi ilk növbədə ümumi nəticələri respublika səviyyəsindən daha aşağı olan məktəblər, yaxud akademik nailiyyətləri daha zəif olan şagirdlər üçün bərabər imkanların yaradılmasıdır. Təbii olaraq, bu hallar baş verdikdə ən mürəkkəb və ən vacib məsələ ondan ibarətdir ki, zəif akademik nailiyyətləri şərtləndirən amillər nədir?
Onların kökü haradadır? Məktəbdədirmi, təhsil sistemindədirmi, məktəbin idarə edilməsindədir? Yoxsa sosial faktorlardadır? Ailədə, sosial iqtisadi səviyyədir? Çox güman ki, bu, müxtəlif faktorların-təhsil sisteminə məxsus olan faktorlardan, amma eyni zamanda təhsil sistemindən kənar olan faktorların birləşməsidir. Müxtəlif şəraitdə olan vətəndaşlarımız, şagirdlərimiz nəticə etibarı ilə müxtəlif akademik nəticələrə imza atmış olurlar, müxtəlif nailiyyətlər göstərirlər".
M.Cabbarov qeyd edib ki, Təhsil Nazirliyi son illər məktəblərə müəllim seçiminə diqqətlə yanaşır.
“Ən mühüm mövzulardan biri müəllimlərin işə qəbulunun şəffaf keçirilməsidir. Düşünürəm ki, bu istiqamətdə bir sıra nailiyyətlərə imza atmışıq. Lakin daimi olaraq, bu proqramı təkmilləşdirməyi düşünürük".
Nazirin sözlərinə görə, təhsil sisteminin gücü müəllimlərin gücü ilə ölçülür:
"Hazırda qarşıda duran əsas məqsədlərdən biri növbəti tədris illəri üçün həyata keçirəcəyimiz seçimlərdə ölkədə ən yaxşı nailiyyət göstərən məktəblərə və onların rəhbərlərinə müstəqil şəkildə müəllim seçmək ənənəsini bərpa etməkdir. Biz hazırda bu sahədə mümkün ola biləcək imkanları araşdırırıq".
O bildirib ki, uğur əldə etmiş, yüksək akademik nailiyyət göstərən müəllimlərlə ən zəif akademik nəticə göstərən müəllimlər arasında keyfiyyətlər, bacarıqlar üzrə fərqlər var:
"İlk kateqoriyaya aid olan məktəblərdən danışdığımız halda biz artıq yüksək akademik nailiyyətlər əldə etmiş şagirdlərin potensialının mümkün qədər açılmasını istəyiriksə, onda zəif nəticə göstərən məktəblərdə əsas məqsədimiz ümumi səviyyəni əhəmiyyətli dərəcədə qaldırmaqdır".
Aytən ZƏHRA