
“Müstəqil Spektr” şirkətinin direktoru Bəxtiyar Məmmədov yayılan məlumatları təkzib edib. Bu haqda Modern.az saytına şirkətdən məlumat verilib.
Bildirilib ki, son neçə gün kütləvi informasiya vasitələrində paytaxtın mərkəzində istifadəyə verilmiş avtomobil dayanacağının “Müstəqil Spektr” şirkətinə icarəyə verildiyi, Hökumət Evinin qarşısında avtomobil dayanacağının şirkətin adına rəsmiləşdirildiyi barədə məlumatlar yayılıb:
“Nəzərənizə çatdırırıq ki, bizim şirkətin həmin avtomobil dayanacaqlarına heç bir aidiyyatı yoxdur və ola da bilməz.
Eyni zamanda məqalələrdə şirkətimizin 3 il öncə Maqsud Mahmudovla məhkəmə mübahisəsini uduzduğumuz əks olunur. Həqiqətən, 3 il öncə Maqsud Mahmudovla məhkəmə mübahisəsi mövcud idi, lakin 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 25 yanvar 2013-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2013-cü il tarixli qətnamələri və Azərbaycan Respublikası Ali Məhkəmənin 25 oktyabr 2013-cü il tarixli qərarı ilə qeyd olunan məhkəmə mübahisəsi məhz bizim xeyrimizə həll olunmuşdur. Həmin məhkəmə qərarları istənilən zaman təqdim etməyə hazırıq”.
Məlumatda həmçinin şirkətin heç bir dövlət qurumu ilə əlaqəsi olmadığı qeyd edilib:
“Bundan əlavə, biz dəfələrlə mətbuata bildirmişik və gələcəkdə də bildirməyə hazırıq ki, bizim şirkətin heç bir dövlət qurumu və heç bir dövlət məmuru ilə əlaqəsi yoxdur. Özəl təşkilatdır, təsisçisi də Azərbaycan Respublikasının sıravi vətəndaşıdır”
Qeyd edək ki, bəzi mətbuat orqanlarında “Müstəqil Spektr” MMC şirkəti paytaxt merinin oğlu İsrafil Abutalıbova məxsus olması ilə bağlı material dərc edilib. Həmin məlumatda şirkətin son vaxtlar işlərinin qaydasında getmədiyi və bu səbəbdən də bağlana biləcəyi iddia edilib.Gülşən RAUFQIZI