Modern.az

BDU-da Heydər Əliyevlə bağlı tədbir

BDU-da Heydər Əliyevlə bağlı tədbir

6 May 2016, 15:22


Bakı Dövlət Universitetində mərhum eks-prezident Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə BDU-nun inzibati binasında Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyub, ümummilli liderin xatirəsini dərin ehtiramla yad ediblər.

Ulu öndərlə bağlı kitab sərgisinin nümayişindən sonra tədbir universitetin professor-müəllim heyəti, çoxsaylı qonaqlar və tələbələrin iştirakı iə davam edib. Rektor, akademik Abel Məhərrəmov tədbiri açaraq müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, vətən, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edib.

Qeyd edib ki, şərəfli və mənalı ömür yolunu ölkəmizin tərəqqisinə həsr etmiş ulu öndərin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyası müstəqil Azərbaycanın ictimai həyatının bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlərə zəmin yaradıb, onu regionun qüdrətli, sayılıb-seçilən dövlətinə çevirib.

Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən prezident İlham Əliyevin yeritdiyi məqsədyönlü siyasətin qayəsində xalqın milli-mənəvi, mədəni və elmi-intellektual potensialının gücləndirilməsi məqsədi ön planda dayanır.

Baş nazirinin müavini, YAP-ın sədr müavini və icra katibi Əli Əhmədov ümummilli lider Heydər Əliyevin ölkəmizin quruculuğu, daxili və xarici siyasət istiqamətindəki fəaliyyəti ilə bağlı məruzə edib. Bildirib ki, ulu öndər  Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaradıb, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazanıb.

Sonra Bakı Dövlət Universitetinin idman kompleksində ümummilli liderin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş fakültələrarası futbol turnirində və digər idman növləri üzrə yarışlarda qalib olmuş şəxslərə mükafatlar təqdim edilib.

Futbol turnirində tarix fakültəsi birinci, beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi ikinci, sosial elmlər və psixologiya, hüquq fakültələri üçüncü yerləri tutublar.


Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə