Mayın 10-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyi tərəfindən Heydər Əliyevin 93 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, əvvəlcə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs edib, onun iqtisadiyyatın inkişafında əvəzsiz xidmətlərindən danışıb.
Sonra Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Azərbaycan Mətbuat Şurası ilə birlikdə KİV nümayəndələri arasında təşkil etdiyi “Heydər Əliyev və sahibkarlığın inkişafı” mövzusunda yaradıcılıq müsabiqəsinin nəticələri açıqlanıb.
Müsabiqəyə 48 KİV tərəfindən 69 material təqdim edilib. Təqdim olunmuş süjet və məqalələr İqtisadiyyat Nazirliyində yaradılmış və Azərbaycan Mətbuat Şurasının da təmsil olunduğu Müsabiqə Komissiyası tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib.
Tədbirdə qaliblər elan olunub, onlara diplomlar və mükafatlar təqdim olunub.
Modern.az saytının əməkdaşı Gülşən Raufqızının müsabiqəyə təqdim etdiyi material da qaliblər sırasında olub.
Ümumiyyətlə, bütün müsabiqə iştirakçıları diplomlarla təltif olunub, onlara mükafatlar verilib.