Bu gün Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun doğum günüdür. Onun 78 tamam olub.
Sabiq prezident ad günü ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb. Ayaz Mütəllibov bildirib ki, ad gününü sadə şəkildə ailəsi ilə birlikdə keçirəcək.
Keçmiş dövlət başçısının sözlərinə görə, ona çoxlu təbrik zəngləri gəlib.
“Çoxlu təbrik zəngləri gəlib. Ad günümü təntənəli şəkildə keçirməyəcəm. Ailəm, nəvəm və nəticəmlə birlikdə qeyd edəcəyik”,-deyə o bildirib.
Ayaz Mütəllibov onu da əlavə edib ki, ötən ilin bu vaxtı onun qız nəvəsindən bir nəticəsi dünyaya gəlib.
“İkimizin də ad günüdür. Mənim 78, onun isə 1 yaşı tamam olur. Təsadüfə bir baxın. O da mənim doğum günümdə dünyaya gəlib. Onun da adı Ayazdır”.
Ayaz Mütəllibov 12 may 1938–ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1962–ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.
1959-cu ildə Bakı Soyuducular Zavoduna işə girib və 19 il burada çalışıb. Adi işçi kimi fəaliyyətə başlayan Mütəllibov 26 yaşında ikən bu iri müəssisənin müdiri vəzifəsinə təyin olunub.
1974-cü ildə isə "Bakelektromaş" istehsalat birliyinin müdiri təyin olunur. 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilib. 1979-cu ildə respublikanın yerli sənaye naziri təyin olunub. 1982-ci ildə Azərbaycan SSR-in Dövlət Plan Komitəsinin sədri eyni zamanda Nazirlər Şurasının sədr müavini vəzifələrini tutub.
1988-ci ildən Nazirlər Sovetinin sədri olub. 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.
1991–ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı qətliamından sonra Ali Sovetin növbədənkənar sessiyası Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edib. Nəticədə 1992-ci il martın 6-da o, istefa verib.
Həmin ilin mayında faciənin səbəblərini araşdıran komissiya Ayaz Mütəllibovun günahını təsdiq edən faktlar aşkar etmədiyindən Ali Sovet öz qərarını ləğv edib və onu mayın 14-də vəzifəsinə qaytarıb. Lakin müxalifdə olan Azərbaycan Xalq Cəbhəsinin təzyiqi altında Ayaz Mütəllibov yenidən istefası barədə sənədi imzalamalı olub və ölkəni tərk edərək Moskvaya gedib.
Daha sonra Azərbaycanda sabiq prezidentə cinayət işləri qaldırılıb. Baş Prokurorluq Ayaz Mütəllibovu Nazirlər Sovetinin sədri və prezident vəzifələrində işlədiyi, habelə istefa verəndən sonrakı dövrdə çoxsaylı ağır cinayət əməlləri törətməkdə ittiham edib.
Uzun müddətli mühacir həyatından sonra A.Mütəllibova 2011-ci il avqustun 8-də 49 yaşlı oğlu Azad Mütəllibovun vəfatı ilə əlaqədar Bakıya gəlməyəb icazə verilir. Oğlunun qırxı çıxandan sonra, sentyabrın 18-də o, Rusiyaya qayıdıb.
Moskvada 20 illik mühacirət həyatı yaşayan sabiq prezident Ayaz Mütəllibovun Azərbaycana həmişəlik qayıtması nəhayət eks-prezidentlər haqqında qanun qəbul olunandan sonra gerçəkləşib.
2012-ci il iyulun 7-də xanımıyla birgə Moskvadan həmişəlik Bakıya qayıdıb.
Ayaz Mütəllibov əvvəlcə Bilgəhdəki bağ evində yaşayıb. Daha sonra ona şəhərin mərkəzində mənzil verilib və ora köçüb.
A.Mütəllibov bir müddət Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri olub. 2012-ci il iyunun 30-da partiyanın Bakıda keçirilən qurultayına təbrik məktubu göndərən Ayaz Mütəllibov həmsədr vəzifəsindən və siyasətdən getdiyini bəyan edib.
Aqşin Kərimov