Modern.az

Tələbələr təhsil kreditlərindən yararlana biləcək?

Tələbələr təhsil kreditlərindən yararlana biləcək?

10 İyun 2016, 14:35

Universitetlərdə təhsil haqqını vaxtında ödəməyən tələbələr bundan sonra təshil kreditləri əldə edə bilərlər.

 

Belə ki, bu günlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü dövlət ali təhsil müəssisələri tərəfindən "Maarifçi" Tələbə Kredit Fondu təsis edilmiş və qeyri-hökumət təşkilatı kimi dövlət qeydiyyatına alınıb.

 

Modern.az saytı xəbər verir ki, iqtisadçı Qubad İbadoğlu bu haqda fikirlərini bildirib.

Onun sözlərinə görə, aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almaqda imkan yaradılacaq.

Ekspert bildirib ki, Fondun əsas fəaliyyət istiqamətləri bu sosial qrupa daxil olan tələbələrə onların təhsil məsrəflərinin maliyyələşdirilməsinə dəstək olmağa xidmət edir.

 

Bununla yanaşı, müvəkkil kredit təşkilatları tərəfindən güzəştli təhsil kreditlərinin və qrantların verilməsini təşkil etməkdən ibarətdir:

 

“Krediti əldə etmək istəyən tələbələr valideynlərin rəsmi cari məvacibinə dair və kredit tarixçəsi üzrə arayışla müraciət etməlidirlər.

 

Maksimum müddəti 4000 manat olan standart kreditlər üzrə illik faiz dərəcəsi 8 faiz, güzəştli kreditlər üzrə isə 6 faizdir. Kreditlər üzrə ödənişlərin həyata keçirilməsi tələbə məzun olduqdan sonra həyata keçiriləcək.

 

Məzun olan tələbələr kreditlər üzrə borcların qaytarılmasına standart kreditlər üzrə 1 il güzəşt, güzəştli kreditlər üzrə isə 2 il güzəşt əldə etməklə başlaya bilərlər.

Standart kreditlər 5 ilə, güzəştli kreditlər isə 10 ilə verilir. Həm tələbəlik və həm də güzəşt dövründə əsas borclara və faizlərə görə hesablanan faizlər ödənilməsə də onlar sonrakı dövrdə ödənişlərə əlavə olunur”.

 

Qubad İbadoğlu deyib ki, bu konsepsiya cəlbedici və faydalı olması ilə yanaşı, həm də aktuallığı ilə seçilir:

 

“Amma hesab edirəm ki, hazırkı situasiyada mövcud şərtlərlə onun icrası zamanı “Maarifçi" Tələbə Kredit Fondunun qarşısına ciddi çətinliklər çıxacaq. Çağdaş durumda bankların və kredit təşkilatlarının maliyyə, əhalinin sosial vəziyyətinin pisləşməsi onun geri qaytarılması risklərini çoxaldır.

 

Belə riskləri idarə eləmək üçün kreditin verilmə qərarının tələbələrin valideynlərinin rəsmi cari məvacibinə və kredit tarixçəsinə bağlanması nəzərdə tutulur.

Bununla belə, hesab edirəm ki, bu yanaşma yanlışdır. Xüsusilə də aztəminatlı ailələrdə yaşayan tələbələrin kreditlərə çıxış imkanlarını məhdudlaşdıracaq.

 

Mümkündür ki, aztəminatlı ailəyə məxsus olan əlaçı tələbələr bu səbəbdən belə imkanlardan bəhrələnə bilməsinlər və təhsillərini ertələmək məcburiyyətində qalsınlar.

 

Eyni zamanda bir faktı da unutmayaq ki, hazırda aztəminatlı ailələrin böyük əksəriyyətinin kredit tarixçəsi pozitiv deyil. Odur ki, belə asılılığın yaradılması kreditlərin ayrılmasında başlıca əngələ çevriləcək.

 

Təklif edirəm ki, Fond kreditləri ayırmamışdan əvvəl Universitetlərin məzunlarının iş tapma səviyyəsinə görə reytinqini müəyyənləşdirərək, kreditin ayrılması zamanı həm Universitetlər və həm də ixtisaslar arasında fərq qoysun.

Digər tərəfdən də təhsil göstəricilərinə görə fərqlənən tələbələr üçün də yanaşma müxtəlif olmalıdır. Kreditin ayrılması zamanı universitetdə qiymətləri yuxarı olan tələbələrlə pis qiyməti olan tələbələr arasında fərqin qoyulması son nəticədə tələbələrin hazırlıq səviyyəsinin yüksətmək üçün stimul kimi çıxış edə bilər”.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə