Modern.az

Təhsil naziri məzunlara müraciət etdi

Təhsil naziri məzunlara müraciət etdi

14 İyun 2016, 09:45

Təhsil naziri Mikayıl Cabbarov bu il orta məktəbi bitirən məzunlara müraciət edib.

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazir Mikayıl Cabbarov məzunlara müraciətində onları təbrik edərək, gələcək həyatlarında uğurlar arzulayıb.

Nazir bildirib ki, məzunlar bu il 25 ilini qeyd edəcəyimiz müstəqil Azərbaycana töfhələr verəcəklər:

“Əziz məzunlar!

Siz on bir il ərzində vacib həyat mərhələsi keçmisiniz. Sizin qarşınızda açılacaq çoxsaylı yollar arzularınızdan və cəhdlərinizdən asılı olacaq.

Həyatda inamlı addımlarınız təkcə sizin uğur hekayəniz deyil, həm də istiqlalının 25 illiyini bu il qeyd edəcəyimiz Azərbaycanın inkişafına verəcəyiniz töhfə olacaq.

Siz zamanın heç vaxt bu qədər sürətli olmadığı bir dövrdə yaşayırsınız. Zamanın bu sürətini nəzərə almaqla, siz çevik qərarvermə, hədəflərini doğru seçmək vərdişlərinə sahib olmalısınız. Bir də zamanın yeni sürəti ilə gələcək peşə fəaliyyətinizi əlaqələndirə bilməlisiniz. Nəzərə almalısınız ki, gələcəkdə indiyə qədər mövcud olmayan yeni ixtisaslar, peşələr sizi gözləyir. Bu, sizin həm şansınız, həm də növbəti təhsil pilləsində vacib missiyanızdır. Zamanın çağırışı budur ki, mükəmməl təhsil indi əvvəlkindən daha çox lazımdır.

Əziz məzunlar!

Cənab Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Bu güc sizin vətənimizin çiçəklənməsi naminə yeni enerji və motivasiya qaynağınızdır. Burada əsas məsələ vətəndaş məsuliyyəti və mövqeyidir.

Hər birinizə yeni həyat pilləsində uğurlar arzulayıram!”.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə