Modern.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, prezident İlham Əliyev fevralın 20-də "N" saylı hərbi hissədə baş vermiş 7 əsgərin ölümü ilə nəticələnən qanlı insidentlə əlaqədar korpus komandiri general-mayor Çingiz Şəfiyevi vəzifəsindən azad edib.
APA-nın məlumatlara görə, Ç.Şəfiyevin hərbi rütbəsi bir pillə aşağı endirilib. Azərbaycanın Milli Qəhrəmanı general-leytenant Rövşən Əkbərov korpus komandiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, general-mayor Çingiz Şəfiyev Şəmkir korpusunun komandiri idi.
Fevralın 20-də saat 09.40 radələrində Müdafiə Nazirliyinin hərbi hissələrinin birində ölümlə nəticələnən ağır cinayət hadisəsinəticəsində 2009 və 2010-cu illərdə hərbi xidmətə çağırılan 7 əsgər həlak olub:
Quliyev Naib Fəxrəddin oğlu (1992-ci il təvəllüdlü, Beyləqan rayonundan hərbi xidmətə çağırılıb);
Cavadzadə Cavid Vəkil oğlu (1991-ci il təvəllüdlü, Mingəçevir şəhərindən hərbi xidmətə çağırılıb);
Suanverdiyev Nurlan Radfel oğlu (1991-ci il təvəllüdlü, Ağdam rayonundan hərbi xidmətə çağırılıb);
Xocberov Ramazan Abdulla oğlu (1992-ci il təvəllüdlü, Balakən rayonundan hərbi xidmətə çağırılıb);
Kərimov Əfqan Yaşar oğlu (1991-ci il təvəllüdlü, Balakən rayonundan hərbi xidmətə çağırılıb);
Hüseynov Əhməd Əhmədalı oğlu (1992-ci il təvəllüdlü, Ağcabədi rayonundan hərbi xidmətə ağırılıb);
Quliyev Zakir Etibar oğlu (1991-ci il təvəllüdlü, Yasamal rayonundan hərbi xidmətə çağırılıb).
Fakta görə Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Respublika hərbi prokurorunun müavini Şəfahət İmranovun rəhbərliyi ilə istintaq qrupu yaradılıb.
Modern.az