Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. İclasda “Azərbaycan və Latviya hökumətləri arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirə olunub.
“Azərbaycan və Latviya hökumətləri arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Saziş bu il yanvarın 17-də Riqada imzalanıb.
Komitə sədri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, sənəddə əməkdaşlığın formaları, birgə komissiya, fövqəladə halların aradan qaldırılmasında qarşılıqlı yardımın göstərilməsi, fövqəladə halların qarşısının alınması, bu sahədə elmi-tədqiqat layihələrinin birgə planlaşdırılması, işlənib hazırlanması, həyata keçirilməsi, tədqiqat işlərinin nəticələrinin mübadiləsi və digər məsələlər əksini tapıb. Müzakirələr zamanı çıxış edən millət vəkilləri ölkəmizin bundan əvvəl daha bir neçə ölkə ilə belə Saziş imzaladığını, fövqəladə hallar zamanı yardım göstərdiyini, bu cür əməkdaşlıqların Azərbaycanın artan nüfuzunun, uğurlu xarici siyasətinin göstəricisi olduğunu deyiblər.
Qeyd olunub ki, dövlətimizin milli maraqlarına tam uyğun olan belə sazişlər müttəfiqlərimizin sayını artırır. Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasında baxılmağa tövsiyə olunub.
Modern.az