Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi tərəfindən Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı təşkil olunmuş silsilə xatirə tədbirləri çərçivəsində Ankara Şəhərinin Etimesgut Bələdiyyəsi ilə birlikdə geniş tərkibli anma gecəsi keçirilib. Bu barədə səfirlikdən Modern.az-a məlumat verilib.
Ötən gecəki tədbirdə Səfirliyin təşkil etdiyi konfranslarda çıxış etmək məqsədilə Ankara şəhərinə ezam olunmuş professor Cəmil Həsənli, DAK nümayəndələri, Türkiyənin millət vəkilləri, Türkiyənin müxtəlif fikir quruluşlarının nümayəndələri, diaspor nümayəndələri, tələbələr, Ankara şəhəri ictimaiyyətinin nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.
Konfransda, Etimesgut Bələdiyyəsinin Başçısı Ənvər Dəmirəl, Səfir Faiq Bağırov, TRT Radiosunun Azərbaycan Redaksiyasının sədri Seyfəddin Altaylı, “Xocalıya ədalət” kampaniyasının Türkiyə koordinatoru xanım Gözde Kılıç, millət vəkili Sabir Rüstəmxanlı, professor Cəmil Həsənli və professor Ümid Özdağ çıxış edərək Xocalı faciəsinin dəhşətini tədbir iştirakçılarına bir daha hiss etdiriblər.
Tədbirdə Dağlıq Qarabağ probleminin tarixindən və Xocalı faciəsinin dəhşətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Konfrans zamanı “Xocalıya ədalət” kampaniyası çərçivəsində tədbir iştirakçılarından imza toplanıb və Xocalı soyqırımını anladan rəsimlərdən ibarət sərgi təşkil olunub.
Tədbirdə Xocalı soyqırımı ilə bağlı DVD, broşura və millət vəkili Qənirə Paşayeva ilə Həvva Məmmədovanın müəllifi olduğu “Xocalı soyqırımı” adlı kitab tədbir iştirakçılarına paylanılıb.
Səfirlik tərəfindən Xocalı soyqırımının 19-cu ildönümü münasibətilə təşkil olunmuş silsilə xatirə tədbirləri çərçivəsində Ankara şəhərinin müxtəlif səmtlərində çox sayda afişaların asılması təmin olunub.
Modern.az