Modern.az

"Dövlət və Din"in yeni sayı çıxıb

"Dövlət və Din"in yeni sayı çıxıb

Təhsil

24 Fevral 2011, 15:43

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan "Dövlət və Din" ictimai fikir toplusunun 2011-ci ildə ilk sayı işıq üzü görüb.

Toplu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə müraciəti ilə açılır. Jurnalın "Rəsmi guşə"sində, həmçinin dövlət başçısının 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına və Milad  bayramı münasibətilə Pravoslav xristian icmasına təbrikləri işıqlandırılıb.

Toplu rus dilində məqalələrin çapı ənənəsini davam etdirir. Bu sayda Samirə Mir-Bağırzadənin “Rastsvet kulturı Azerbaydjana v epoxu İslamskoy tsivilizatsii” yazısı “Azərbaycan gerçəkliyi” rubrikası altında dərc edilib. Bölmədə, həmçinin “Azərbaycanda Orta əsr təhsil və elm mərkəzləri - mədrəsələr”, “Azərbaycanda İslam mədəniyyəti tarixi və müasirlik kursunun tədrisinə dair” məqalələri yer alıb.

“Cəmiyyət və Din” adlı üçüncü bölmədə Tural Əliyevin “Fəzilətin Tusi yozumu”, Məhəmməd Balayevin “Georq Vilhelm Fridrix Hegel və Şərq”, Elvüsal Məmmədovun “Qədim Yunan ictimai fikrində və Xristianlıq təlimində fəlsəfə və din” yazıları dərc edilib.

“İslam həqiqətləri” rubrikası altında oxucular “İslam təbabətində stressi aradan qaldırmaq yolları”, “Bərzəx və Əraf”, “İslam dini və fəlsəfəsi”, “Suffənin məşhur səhabələri”, “Məzhəblərarası yaxınlaşma kontekstində təkfir problemi”, “Quranın «əmr» və «inkar» hökmlü ayələrinə dair” və “Muğam və Quran paralelləri” yazıları ilə tanış ola bilərlər.

Toplunun ənənəvi “Əsrlər, şəxsiyyətlər” bölməsində Sənai Qəznəvi, Mustafa ağa Şuxi, Qazi Əbdülcəbbar, Yusif Həmədani kimi dahi şair və din xadimlərinin həyat və yaradıcılığından bəhs edən maraqlı yazılar diqqətə çatdırılıb.

"Dövlət və Din"in ənənəvi rubrikalarından biri də "Tarixə pəncərədir"dir. Bu bölmədə tarixi faktlara əsaslanan “Xristianlığaqədərki dövrdə Qafqaz albanlarının dili, dini, mənşəyi” və “Şəmkir şəhərinin Orta əsrlər tarixinə dair” başlıqlı məqalələrin oxucular tərəfindən maraqla qarşılana bilər.

Bu sayda Əkbər Nadir Nəcəfin “İlkin orta əsrlərdə türklərin din anlayışı və şamanizm” mövzusunda yazısı “Dinlər, təriqətlər, cərəyanlar və təlimlər” rubrikası altında dərc olunub.

Toplunun daimi və maraqlı bölmələrindən biri də "Abidələr" adlanır. Bu sayda oxucular  II Qıraq Kəsəmən antik dövr nekropolunda dəfn adəti haqda məlumat alacaq, Naxçıvanın tarixinə ekskursiya edəcək və Fəridə Mir-Bağırzadənin rus dilində dərc edilmiş “Mirovospriyatiye simvolov v dekorativno-prikladnom iskusstve Vostoka” məqaləsi ilə tanış ola biləcəklər.

Bu sayda da dini terminlərin izahlı lüğətinin davamı dərc olunub.


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat