Bu gün Qafqaz Universitetində də Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib. Tədbir zamanı çıxış edən millət vəkili Jalə Əliyeva Xocalının yaşadığı ağır günləri, ermənilərin qanuna sığmaya cinayətləri barədə danışıb: “Xocalı faciəsi bizim əbədi dərdimizdir. Bu tarix bizim qan yaddaşımızdır. Bü gün bizim qarşımızda duran ən əsas məsələ bu cinayətə hüquqi qiymət verilməsinə nail olmaqdır. Biz bunun üçün var gücümüzlə çalışmalıyıq. Lakin ilk növbədə ermənilərin cinayətkar əməllərinə məhkəmə öz sözünü deməlidir. Bu baxımdan istintaqın aparılması çox vacibdir. Düşünürəm ki, bu yolla biz siyasi məqsədimizə daha sürətlə nail ola bilərik”
Xocalı soyqırımını törədən cinayətkarların beynəlxalq axtarışda olduğunu bildirən milllət vəkili bu işdə xarici ekspertlərlə əməkdaşlığın önəmindən danışıb: “Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması üçü yerli və xarici ekspertlərlə fəaliyyət göstərmək çox xeyirli olardı. Unutmayaq ki, beynəlxalq hüququn da öz normaları var. Bu norma baş verən hadisə insanların milli əlamətinə görə kütləvi olaraq və əvvəldən düşünülmüş şəkildə qətlə yetirildiyini tam açıqlayır”.
J.Əliyeva Xocalı həqiqətlərini dünyaya çatdırmaq üçün təbliğata böyük ehtiyac olduğunu vurğulayıb: “Faciənin dünya ictimaiyyətinə tanıdılması, həmin gecənin dəhşətindən dünyanın xəbərdar olması üçün isə təbliğata böyük ehtiyacımız var. Bu istiqamətdə istər dövlət səviyyəsində, istər müxtəlif qurumlar, istər ayrı-ayrı vətəndaşlarımız tərəfindən ötən illər ərzində çoxsaylı səylər göstərilib, beynəlxalq səviyyəli görüşlərdə, toplantılarda, bu mövzu gündəmə gətirilib, yürüşlər, mitinqlər keçirilib, sənədli xronoloji materiallar, eyni zamanda, fotolar dərc edilib, sərgilər keçirilib”.
Millət vəkili Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında gördükləri işlərə görə, ölkə rəhbərliyinə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və eləcə Fondun Rusiya təmsilçisi Leyla Əliyevaya minnətdar olduğunu bildirib.
Millət vəkili aparılan təbliğatda mədəniyyətin əvəzsiz rolundan söz açıb: “Bəzən siyasətin, tarixin edə bilmədiklərini sənət və mədəniyyət edir. Elə bu kontekstdə demək istəyirəm ki, Xocalı faciəsini əks etdirən bütün sənədli materiallarla birlikdə, eyni zamanda, ərsəyə gətirilən ədəbi, bədii, təsviri sənət nümunələrinin nəşr etdirilməsi, bu nümunələrin elektron yayım vasitəsi ilə tanıdılması, faciəyə həsr olunan bütün sənət nümunələrinin dövlət səviyyəsində tək mərkəzdə cəmlənməsi bu baxımdan çox əhəmiyyətlidir”.
Jalə Əlieyva sonda belə qeyd edib: “Azərbaycan Respublikası öz ərazisinin bir hissəsində suverenliyinin qəsb edilməsinə, əzəli torpaqlarının quldurcasına zəbt edilməsinə və qoparılmasına heç zaman razı ola bilməz və mövcud imkanların hamısından istifadə edərək ərazi bütövlüyünü bərpa edəcəkdir. Xocalı faciəsinin əsl beynəlxalq hüquqi-siyasi qiymət almasına, onun ideolioqlarının, təşkilatçılarının və icraçılarının cəzalandırılmasına gec-tez nail olacaqdır.
O zaman Xocalı günləri ərəfəsində qəlbimiz kədərlə deyil, sevinclə döyünəcəkdir. O zaman biz Xocalı ağısını deyil, Zəfər nəğmələrini dinləyəcəyik. Buna inamımız böyükdür”.
Anar RÜSTƏMOV