Modern.az

Keçmiş baş həkimin ölümü Goranboyu qarışdırıb

Keçmiş baş həkimin ölümü Goranboyu qarışdırıb

5 Mart 2011, 19:17


Martın 4-də saat 19.00 radələrində Goranboy Rayon Mərkəzi Xəstəxanasının həyətində orada həkim işləmiş Faiq Abdullayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
İlkin yoxlama rayon prokurorluğu tərəfindən aparılır. Modern.az xəbər verir ki, bu məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Qeyd edək ki, Faiq Abdullayev Goranboy Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimidir. Onun ölümü rayonda qarışıqlığa səbəb olub.

Bəzi məlumatlara görə, sabiq baş həkim özünü xəstəxananın 3-cü mərtəbəsindən yerə atmaqla, intihar edib. Digər xəbərlərdə isə mərhumun infarkdan öldüyü söylənilir.
Hadisə yerində olan şahidlər musavat.com-a deyiblər ki, rayona bir il əvvəl təyin olunmuş icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini Baxış Abdullayev də olay yerinə gəliblər. Amma mərhumun yaxınları və xəstəxana personalı onları hadisə yerindən qovublar. Mərhum Faiq Abdullayevin həyat yoldaşı icra başçısına xitabən "onu sən öldürdün. O qədər pul onda haradan ola bilərdi? Niyə ondan bu qədər pul istədin? Mən bu işi belə qoymayacam. Prezidentə yazacam...",- deyib və onun üzərinə yeriyib. Mərhumun yaxınlarının israrı ilə hadisə yerindən uzaqlaşdırılan rayon rəhbərliyi bu ittihamların qarşılığında heç bir söz deməyib. 

Faiq Abdullayev 7 il rayonun baş həkimi işləyib. Onu keçən il vəzifəsindən uzaqlaşdıblar. Modern.az-ın məlumatına görə, keçmiş baş həkimin yaxınları, kəndçiləri rayon mərkəzində etiraz aksiyası keçiriblər. Onlar Faiq Abdullayevin ölümündə icra başçısı Nizaməddin Quliyevi ittiham edərək onu mərhumu intihar həddinə çatdirmaqda suçlayıblar.
Goranboydan saytımıza verilən məlumata görə, mərhumun meyiti dəfn olunmaq üçün artıq doğulduğu kəndə aparılıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat