Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz münasibətilə martın 19-da Bakıda, Qız qalasının qarşısında təşkil olunan mərasimdə iştirak ediblər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanı Novruz şənliklərində iştirak etmək üçün meydana toplaşmış minlərlə şəhər sakini, paytaxtın qonaqları qarşılayıb. Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb. Dövlət başçısı bayram şənliyində nitq söyləyib. İlham Əliyev vurğulayıb ki, Azərbaycanda hüquqi dövlətin yaradılması istiqamətində önəmli addımlar atılıb, islahatlar aparılıb və islahatlar bu gün də davam etdirilir. Dövlət başçısı ölkə qarşısında duran bütün məsələlərin həllində əldə olunan uğurlardan danışıb, bununla yanaşı xoşagəlməz hallara qarşı ciddi mübarizənin aparıldığını, bu mübarizənin öz bəhrəsini verdiyini deyib. Prezident İlham Əliyev xalqla iqtidar arasında birliyin olduğunu vurğulayıb və bildirib ki, əks təqdirdə ölkə inkişafa nail ola bilməzdi. “Biz gələcəyi açıq- aydın görürük. Aparılan və aparılacaq islahatların xüsusi əhəmiyyəti var”, - söyləyən dövlət başçısı Azərbaycanın bu gün regionda iqtisadi cəhətdən aparıcı dövlət olduğunu bildirib. Dövlət başçısı ölkədə aparılan bütün işlərin öz bəhrəsini verdiyini, qaşıda duran vəzifələrin uğurla icra edildiyini, paytaxtla yanaşı, regionların da abadlaşdığını, regionların iqtisadi inkişafı proqramının uğurla həllini tapdığını söyləyib. Prezident İlham Əliyev qeyd edib ki, ölkə qarşısında duran vəzifələrdən ən başlıcası –Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Dövlət başçısı vurğulayıb ki, Ermənistan tərəfi beynəlxalq təşkilatların qətnamələrini qeyd şərtsiz icra edib, işğal edilən torpaqlardan çıxmalıdır. Və məhz bundan sonra bölgədə sülh, sabitlik yarana bilər. Prezident İlham Əliyev məsələnin öz həllini tapacağına, ərazi bütövlüyümüzün bərpa ediləcəyinə əminliyini bildirib. “Biz gələcəyə çox böyük ümidlə və nikbinliklə baxırıq. Elə etməliyik kİ, ölkəmiz daha da güclü və qüdrətli olsun”.
Sonra Azərbaycan Prezidenti və xanımı Milli Parka gəliblər. Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıb. Kosa və Keçəl dövlət başçısı ilə yumurta döyüşdürüb. İncəsənət ustaları, meyxanaçılar, aşıqlar, bədii özfəaliyyət kollektivləri, pəhləvanlar, kəndirbazlar xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdiriblər. Prezident İlham Əliyev və xanımı bərəkətli Azərbaycan torpağında yetişdirilmiş məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış olublar. Dövlət başçısına və xanımına hədiyyələr təqdim olunub. Prezident İlham Əliyev onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirib. Novruz bayramı münasibətilə keçirilən şənliklərdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər. Modern.az