“Azərbaycan Avropa Birliyinə assosiativ üzv olmağa hələ hazır deyil. Bu mənada Azərbaycanın Qərbə inteqrasiya prosesləri müəyyən qədər ləngidiyindən ABŞ-ın ölkəmizə qəzəbi artır”. Bunu Modern.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O, ABŞ prezidentinin Azərbaycanın yeni seçilmiş prezidenti İlham Əliyevi təbrik etməməsi ilə bağlı məsələlərin səbəbini şərh edərkən bildirib ki, Azərbaycanın Rusiyanın layihəsi olan Avrasiya və Gömrük İttifaqına müşahidəçi qismində üzv olması gündəmə gələ bilər.
Politoloqun sözlərinə görə, belə olan təqdirdə Qərb, o cümlədən ABŞ prezident İlham Əliyevə qarşı aqressiv ola bilər.
“Seçkilərlə bağlı yaradılmış qalmaqalların bir qismi də məhz bununla əlaqədardır. Amerikada seçkilər ərəfəsində də belə məlumatlar var idi ki, Azərbaycan Rusiya ilə münasibətləri normallaşdırır”-deyə siyasi analitik söyləyib. Politoloq hesab edir ki, Rusiya prezidenti Putinin İlham Əliyevi ilk olaraq təbrik etməsi ABŞ-ın Azərbaycanın şimal qonşusu ilə əlaqələrinin yaxşılaşdırılması barədəki şübhələrini doğruldub.
“Azərbaycanın Rusiyaya müəyyən vədlər verməsi haqqında mətbuatda yazılar da dərc olunub. Bu vədlərin daha çox Avrasiya və Gömrük İttifaqı ilə bağlı olduğunu söyləyənlər də var. Azərbaycan Qərblə inteqrasiya xəttini davam etdirməklə yanaşı, Rusiya ilə də strateji əməkdaşlığa da üstünlük verə bilər. Bu da Amerika və Qərb siyasi dairələrinin qəzəbinə səbəb olur”, – deyə Q.Hüseynli qeyd edib.
Aqşin Kərimov