“Rəsul Quliyevin Milli Şuradan çıxması məsələsi ilə bağlı bizə heç bir müraciət daxil olmayıb”. Bunu Modern.az-a açıqlamasında Milli Şuranın İctimaiyyətlə əlaqələr komissiyasının sədri Mehman Əliyev eks-spiker Rəsul Quliyevin qurumdan istefa verməsinə münasibət bildirərkən deyib. Milli Şura rəsmisi R.Quliyevin Açıq Cəmiyyət Partiyasından (ACP) getməsi məsələsini də şərh edib və söyləyib ki, o, təkbaşına partiyanı tərk edə bilməz.
“Partiyanın buraxılması haqqında qurultay keçirilməlidir və qərar verilməlidir. Rəsul Quliyev isə praktiki olaraq totalitar üsulla qərar verib və amma bu, onun şəxsi işidir”-deyə M.Əliyev bildirib.
Milli Şura üzvünün sözlərinə görə ACP bu quruma partiya kimi daxil olub. “Buna görə də ACP qərar verməlidir ki, Milli Şuranı tərk edirlər və bu barədə quruma müraciət ünvanlanmalıdır. Ancaq belə bir sənəd ortada yoxdur”.
Komissiya rəhbəri bildirib ki, ACP partiya olaraq öz namizədlərini Milli Şuraya göndərib. “İndi də partiya hansısa üzvlərinin geri çağırılması ilə bağlı qərar verməlidir”-deyə təşkilatın komissiya sədri qeyd edib.
Xatırladaq ki, ACP lideri və hazırda mühacirətdə yaşayan keçmiş spiker R.Quliyev partiya sıralarından və Milli Şuradan istefa verdiyini bəyan edib. R.Quliyev istefa səbəbini müxalifətin uğursuzluğu ilə bağlayıb.
Aqşin Kərimov