Modern.az

Məktəblərdə dərs saatı 45-dəqiqədən 40-a endirilə bilər? - AÇIQLAMA

Məktəblərdə dərs saatı 45-dəqiqədən 40-a endirilə bilər? - AÇIQLAMA

Təhsil

29 Sentyabr 2025, 12:49

Son günlər sosial şəbəkələrdə və mediada məktəblərdə dərs müddətinin 45 dəqiqədən 40 dəqiqəyə endiriləcəyi ilə bağlı yayılan xəbərlər geniş müzakirələrə səbəb olub. Rəsmi qurumlar bu iddiaları təkzib etsə də, müzakirələr davam edir.

Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli Modern.az-a açıqlamasında bildirib  ki, məktəblərdə dərs müddətinin 40 dəqiqəyə endirilməsi ilə bağlı yayılan məlumatlara dair hər kəsin ilk baxışdan düşündüyü budur ki, bu dəyişiklik şagirdlər üçün rahatlıq gətirə bilər. Onun sözlərinə görə, məsələni pedaqoji müstəvidə araşdırdıqda görmək mümkündür ki, əslində 45 dəqiqəlik ənənəvi dərs belə çox vaxt güclə çatır.

“Müəllim dərs boyu mövzunu izah etməklə yanaşı, uşağın diqqətini toplamalı, misal göstərməli, şagirdin suallarını cavablandırmalı, təkrar etməli və mövzunu möhkəmləndirməlidir. Bütün bunlar üçün 45 dəqiqə kifayət qədər gərginlik tələb edir. Bu mənada 5 dəqiqənin çıxarılması sadə görünə bilər, amma əslində uşağın öyrənməsində çox böyük itkiyə səbəb ola bilər. Mən deyərdim ki, şagird üçün 5 dəqiqə belə qənimətdir”.

O eyni zamanda vurğulayıb ki, ənənəvi dərs strukturu onilliklər boyu təcrübədən keçib və təsadüfi müəyyənləşdirilməyib:

“Müəllimlərin də, şagirdlərin də öyrənmə ritmi bu müddət üzərində formalaşıb. İndi birdən-birə vaxtı azaltmaq o deməkdir ki, ya mövzu sıxışdırılacaq, ya izahın keyfiyyəti azalacaq, ya da uşaqlar suallarını vermək imkanından məhrum qalacaqlar. Halbuki tədris sadəcə məlumat ötürmək deyil, həm də şagirdlə müəllim arasında ünsiyyət, qarşılıqlı öyrənmə mühitidir”.

Təhsil ekspertinin sözlərinə görə, vaxt azlığı isə bu mühiti zəiflədir:

“Doğrudur, tənəffüslərin 10 dəqiqəyə qədər artırılması uşaqlar üçün sosiallaşma və istirahət baxımından müsbət addımdır. Amma burada da balans məsələsi önəmlidir. Çünki istirahət üçün ayrılan əlavə dəqiqələr əgər öyrənmədən qoparılırsa, bu, təhsil keyfiyyətinə zərbədir. Daha düzgün yanaşma bu olardı ki, dərs vaxtı azaldılmır, əksinə dərs materialları optimallaşdırılır, müəllimlər daha interaktiv üsullarla işləməyə təşviq edilir, şagirdlərin diqqətini daha effektiv şəkildə toplamaq üçün yeni metodlar tətbiq olunur”.

Yekun olaraq müsahibimiz onu da əlavə edib ki, şagird üçün hər bir dəqiqə çox dəyərlidir:

“Müəllim o 5 dəqiqədə əlavə izah verə, nümunə göstərə, uşağın sualına cavab verə və ya dərsi daha möhkəmləndirə bilər. Ona görə mən düşünürəm ki, dərs müddətini azaltmaq əvəzinə mövcud sistemi daha da səmərəli etmək, yəni vaxtın keyfiyyətini artırmaq lazımdır. Sadəcə rəqəmləri dəyişməklə təhsil keyfiyyətini yüksəltmək mümkün deyil, əsas dəyişiklik təlim mühitinin məzmununda və metodikasında olmalıdır”,- deyə Ə.Həsənli bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynada ƏMƏLİYYAT - Krımda Rusiyaya ağır zərbə