Ötən gün Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub. İtaliya-Azərbaycan Universitetinin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella iştirak ediblər.
Modern.az İtaliya-Azərbaycan Universitetində hansı fakültələr üzrə qəbul aparıldığı və neçə tələbənin təhsil aldığı barədə məlumat əldə etmək üçün ADA Universitetinə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, universitetə tələbə qəbulu 2023-cü ildən magistr səviyyəsində həyata keçirilir. Hazırda burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr, 102-si isə magistr səviyyəsində təhsil alır.
Qeyd edilib ki, ixtisaslardan 3-ü ikili diplom proqramıdır.
“Tədris proqramları elektrik və elektronika mühəndisliyi, memarlıq, interyer və kommunikasiya dizaynı, şəhərsalma, kənd təsərrüfatı və qida texnologiyaları, heyvandarlıq və müxtəlif menecment ixtisaslarını əhatə edir. Bakalavr və magistr proqramlarından əlavə, peşəkarlar üçün mütəmadi ixtisasartırma və sertifikat proqramları da həyata keçirilir”,- məlumatda deyilir.
Xatırladaq ki, İtaliya-Azərbaycan Universiteti binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub.