20 oktyabr 2025-ci il tarixində bəzi media resurslarında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsinə cəlb edilən bir sıra ekspertlərin adları və onlara fəaliyyətləri qarşılığında ödəniləcək xidmət haqqını əks etdirən siyahı dərc edilib. Yalnız TKTA-nın xəbərdarlığından sonra dəqiqləşdirilməmiş məlumatlar əsasında hazırlanmış sözügedən siyahı jurnalistika etikası prinsiplərinə uyğun olaraq əksər internet resurslarından çıxarılıb.
Modernşaz xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.
Bildirilib ki, dərc edilən xəbərin başlığı və təqdimat forması peşəkar jurnalistika prinsiplərinə zidd olmaqla yanaşı, ictimaiyyətdə yanlış təsəvvür yaradacaq şəkildə hazırlanıb. Belə ki, siyahıda yalnız ali təhsil müəssisələrinin müəllimləri deyil, həmçinin işəgötürənlərin nümayəndələri və beynəlxalq ekspertlər də yer alır. Bu məlumatların fərdi razılıq olmadan ictimailəşdirilməsi şəxsi məlumatların qorunması ilə bağlı qanunvericiliyin pozulmasıdır.
"Bildiririk ki, təhsil müəssisələrinin akkreditasiya prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilən "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"na (bundan sonra Qaydalar) uyğun olaraq həyata keçirilir. Sözügedən Qaydalara əsasən, TKTA tərəfindən təşkil edilən komissiyalar akademik müstəvidə təmsil olunan yerli və xarici mütəxəssislər, həmçinin işəgötürən qismində çıxış edən nümayəndələr, eyni zamanda, təhsilalanlardan təşkil olunur. Təhsilalanlar istisna olmaqla, komissiyanın digər üzvləri Qaydaların 2.9-cu maddəsinə əsasən, ödənişli əsaslarla əməkdaşlığa cəlb edilir. Üzvlər əməkdaşlığa cəlb edilməzdən əvvəl onların adları Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə göndərilir və müvafiq razılıq əldə edildikdən sonra bu şəxslərlə müqavilələr bağlanılır.
Təkrarən qeyd edirik ki, TKTA ilə əməkdaşlığa cəlb edilən ekspertlər qanunvericiliyin tələblərinə uyğun olaraq ödənişli əsasda fəaliyyət göstərirlər. Onların vəzifəsi təhsil müəssisələrinin və ya təhsil proqramlarının dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunu müəyyən etməkdir. Akkreditasiya prosesi illik əsasda təsdiq edilən fəaliyyət planına əsasən, müvafiq qrafik üzrə həyata keçirilir və bu işlərin icrası üçün ekspertlərə qanunvericiliklə müəyyən edilən məbləğdə xidmət haqqı (vergi və DSMF xərcləri daxil) ödənilir.
Məlumat üçün bildiririk ki, TKTA tərəfindən komissiya üzvlərinin seçilərək əməkdaşlığa cəlb edilməsi üçün onların müəyyən tələblərə cavab verməsi şərtləri mövcuddur. Maraqlanan şəxslər bu tələblərlə aşağıda qeyd edilən keçid vasitəsilə tanış ola bilərlər: //tkta.edu.az/p/ekspert-telimleri
TKTA şəffaflıq və ictimai hesabatlılıq prinsiplərinə sadiq olmaqla yanaşı, şəxsi məlumatların qorunması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq, konfidensiallığa riayət edir və onların icazəsiz paylaşılmasını qəti şəkildə yolverilməz hesab edir.
TKTA olaraq jurnalist etikası prinsiplərinə və şəxsi məlumatların qorunması qaydalarına hörmətlə yanaşaraq, media nümayəndələrini, fərdlərin razılığı olmadan məlumatların yayılmaması üçün məsuliyyətli davranmağa dəvət edirik. Həmçinin media nümayəndələrinə bir daha tövsiyə edirik ki, yayılan informasiyanı tirajlamamışdan öncə onun etibarlılığına əmin olsunlar", - deyə məlumatda qeyd edilir.
***
16:15 / 20.10.2025
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Azərbaycanda bir sıra ali təhsil müəssisəsində çalışan bir qrup müəllimə pul verəcək.
Modern.az xəbər verir ki, agentlik ümumilikdə 12 ali məktəb müəllimi ilə müqavilə bağlayıb.
Müqavilələrə əsasən, ali təhsil müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsi işlərinə cəlb olunmuş aşağıdakı müəllimlərə qeyd olunan məbləğdə pul veriləcək:
1) Aslanlı Araz Azad oğlu – 1.300 AZN
2) Abışlı Laçın Vəzir oğlu – 1.300 AZN
3) Seyidova Sevinc Bariz qızı – 1.175 AZN
4) Hüseynov İslam Əhməd oğlu – 1.175 AZN
5) Abbasova Milana Yunis qızı – 1.175 AZN
6) Abbaszadə Qalib Xəlil oğlu – 1.175 AZN
7) Əliyeva Nərgiz Asəf qızı – 1.175 AZN
8) Cahangirli Cahangir Xanoğlan oğlu – 1.175 AZN
9) Əbilov Şamxal Böyükağa oğlu – 1.175 AZN
10) Salahlı Xədicə Arif qızı – 1.175 AZN
11) Abasova Lalə Xəlil qızı – 1.175 AZN
12 Osmanova Esmira Qasım qızı – 1.175 AZN (Mənbə: iqtisadiyyat.az)