Modern.az

Bu qərar müəllimlərin maaşının artmasına səbəb olacaq - EKSPERT

Bu qərar müəllimlərin maaşının artmasına səbəb olacaq - EKSPERT

Təhsil

27 Oktyabr 2025, 14:58

Növbəti ildən etibarən ölkənin ümumi təhsil sistemində mühüm yenilik gözlənilir. Belə ki, 2026-cı ildə Azərbaycanda 100 məktəbin adambaşına maliyyələşmə mexanizminə keçidi planlaşdırılır. Yeni model hələlik pilot proqram çərçivəsində həyata keçiriləcək və bunun üçün dövlət büdcəsindən 85 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Hələlik bu mexanizmin hansı məktəblərdə tətbiq ediləcəyi açıqlanmayıb. Maraqlıdır, adambaşına maliyyələşmə mexanizminin məqsədi nədir və onun tətbiqi müəllimlərin əməkhaqlarına necə təsir göstərəcək?

Modern.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, adambaşına maliyyələşmə modelinə keçid dövründən sonra həm müəllimlərin əməkhaqlarında artım, eləcə də təhsil müəssisələri arasında müəyyən rəqabət mühitinin formalaşacağı gözlənilir.

“Belə ki, şagird sayı çox olan məktəblərə daha yüksək maliyyə ayrılacaq və bu da nəticə etibarilə həm rəhbər heyətin, həm də texniki işçilərin maaşlarına müsbət təsir göstərəcək”.

Ekspert, həmçinin bildirib ki, digər tərəfdən, bu addım maliyyə itkilərinin qarşısını almağa da hesablanıb:

“İndiyədək 5 şagirdi olan məktəblə, 25 şagirdi olan məktəbə eyni məbləğdə vəsait ayrılırdı. Adambaşına maliyyələşmə sistemi tətbiq edildikdən sonra isə resursların rasionallaşması və təhsil müəssisələrinin optimallaşdırılması prosesi daha da sürətlənəcək”.

E.Əfəndi onu da əlavə edib ki, bununla belə, şagird sayı az olan kiçik məktəblər üçün müəyyən çətinliklər yaransa da, ümumilikdə adambaşına maliyyələşmə təhsildə şəffaflığın, keyfiyyətin və rəqabət mühitinin artmasına imkan verəcək. Onun sözlərinə görə, bu model həm təhsil göstəricilərinin, həm də əməkhaqqı səviyyəsinin yüksəlməsinə təkan verəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı