Modern.az

Emin Əmrullayev qızların təhsilindən danışdı: “Hələ də məhdudiyyət qoyulur” 

Emin Əmrullayev qızların təhsilindən danışdı: “Hələ də məhdudiyyət qoyulur” 

Təhsil

27 Oktyabr 2025, 16:17

Qadınlar, gənclərin təhsili yolunda çox yol getməliyik və bu yolun hələ başlanğıcındayıq.

Modern.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimində bildirib.

O qeyd edib ki, qadının ictimai-siyasi gücü istənilən təhsil sisteminin gücüdür.

"İstənilən təhsil sistemində məhz anaların təhsildəki rolu kifayət qədər böyükdür, xüsusilə də təhsilli anaların. Ali təhsilli, ümumiyyətlə təhsilli anaların təhsildəki rolu birmənalı olaraq uşaqların həyatının növbəti illərində daha uğurlu olma ehtimalını böyüdür.

Nəticələrə baxanda 4-cü sinifin sonunadək qızların nəticələrinin daha yüksək olduğunu, sonrakı illərdə oğlanların nəticələri qızların nəticələrini üstələyir. Bunu savadsızca bioloji faktorlarla ölçsələr də, çox ciddi sosioloji səbəbləri var. Çünki qız uşaqları 9-10-11 yaşa gələndə cəmiyyətin onlar qarşısında məhdudlaşdırıcı təsirləri olduğunu görürük. Biz həmin müsbət fərqin 4-5 il keçdikdən sonra necə dəyişdiyini görürük.

Qadınlar üzərində olan məhdudiyyətlərin istər iqtisadiyyat, istər təhsildə neqativ yöndə irəlilədiyini görürük.

Təəssüf ki, biz poeziyada qadınlarımıza mədhiyyələr desək də, statistikalar qadınların xeyrinə olmur. Bu mənada inandığım ondan ibarətdir ki, gedəcəyimiz çox uzun yol var. Bizim hələ də məktəb və ali təhsil mərkəzlərində məsələlərə münasibət dəyişməlidir. Qadınlar üzərində məhdudlaşdırıcı davranışdan dəstəkləyici və imkan yaradıcı davranışa keçid etməliyik.

Yaxşı xəbərlər ondan ibarətdir ki, ali təhsilli insanlarımızın sayı artır. Bu il 60 min gənc ali təhsil almaq imkanı əldə edir. Bunların arasında qızlarımızın sayı artmaqdadır, xüsusilə mühəndislik və texniki sahəyə yönələn qızlarımızın sayı artır. Bu da o deməkdir ki, biz 2030-2040-cı illərin sonlarında daha fərqli gənclik görəcəyik. Çünki bu gün hansısa qızın təhsili 20 il sonra savadlı nəslin də yetişməsinə səbəb olur. 

Son 2-3 ildə rəqəmlərdən gördüyüm və narahat olduğum ilkin məqam oğlanların təhsili və tərbiyəsi ilə olan problemlərdir. Bu gün qızların istər oxu, istər anlamasında müəyyən irəliləmələr olduğu halda, oğlanlarda geriləmələr hiss edirik. Oğlan uşaqlarının davranışlarında daha narahatlıq doğurucu elementlər hiss etməkdəyik. Burada ən asan yol problemi nazirliyin üstünə atıb həll yolu gözləməkdir. Amma burada əsas məsələ valideynlərin məsuliyyətidir və mən bunu xatırlatmağı özümə borc bilirəm".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı