Modern.az

Məktəb direktorları ilə bağlı YENİLİK

Məktəb direktorları ilə bağlı YENİLİK

Təhsil

28 Oktyabr 2025, 12:46

30 oktyabr 2025-ci ildən etibarən direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə start veriləcək. Belə ki, cari il üçün prosesin əvvəlki illərlə müqayisədə bir sıra yenilik və dəyişikliklərlə müşayiət olunacağı bildirilir. Maraqlıdır, direktorların işə qəbulunda hansı dəyişiklər olacağı gözlənilir?

Mövzu ilə bağlı Modern.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, direktorların işə qəbulu məsələsi təkcə inzibati bir prosedur deyil, bütövlükdə təhsil sisteminin keyfiyyətinə təsir edən əsas mexanizmlərdən biridir.

“Çünki məktəbin idarəetmə mədəniyyəti, müəllim heyətinin motivasiyası və tədrisin keyfiyyəti birbaşa rəhbərin baxışından və idarəçilik üslubundan asılıdır. Bu baxımdan, direktorların işə qəbulu prosesində hər bir yenilik təhsil sisteminin gələcəyinə qoyulan strateji investisiyadır.

Mənim fikrimcə, bu prosesdə ilk növbədə seçim meyarlarının şəffaf, çevik və inkişaf yönümlü olması vacibdir. Yəni, direktor yalnız inzibati təcrübəsinə görə deyil, həm də pedoqoji liderlik bacarığı, innovativ düşüncəsi və dəyərlərə əsaslanan idarəçilik fəlsəfəsi ilə seçilməlidir. Dünyanın inkişaf etmiş ölkələrində - məsələn, Finlandiya, Estoniya və Sinqapurda məktəb rəhbərlərinin seçimində diqqət təkcə test nəticələrinə deyil, liderlik keyfiyyətlərinə, komandada işləmək bacarığına və müəllimləri motivasiya etmə qabiliyyətinə yönəlir”.

Müsahibimizin sözlərinə görə, Azərbaycan təhsil sistemi də artıq bu istiqamətdə dəyişir və bu çox sevindiricidir:

“Amma mən hesab edirəm ki, yeni qaydalar müəllimlər arasından potensial rəhbər kadrların mərhələli şəkildə yetişdirilməsini də nəzərdə tutmalıdır. Məsələn, “mentor direktor”, “aspirant direktor” və ya “liderlik təlim proqramları” kimi mexanizmlər yaradıla bilər ki, müəllimlər tədricən idarəetmə bacarığı qazansın.

Digər vacib məsələ praktik sınaq mərhələsinin gücləndirilməsidir. Bəzi ölkələrdə, məsələn, Böyük Britaniyada namizəd direktorlar əvvəlcə bir neçə ay “acting head” kimi fəaliyyət göstərir, yəni real məktəb mühitində bacarığını sübut edir. Bizdə də bu model tətbiq olunsa, həm idarəetmə keyfiyyəti artar, həm də seçilmiş direktorun real potensialı daha aydın görünər”.

Həmsöhbətimiz, eyni zamanda vurğulayıb ki, direktorların işə qəbul qaydalarında davamlı qiymətləndirmə və peşəkar inkişaf mexanizmi də olmalıdır:

“Bu, yalnız bir dəfə keçirilən imtahanla yekunlaşmamalıdır. Məsələn, direktor hər 3 ildən bir fəaliyyətinə görə monitorinqdən keçməli, nəticələrə əsasən də təlim, dəstək və ya yeni vəzifə imkanı əldə etməlidir. Bu, həm motivasiya yaradar, həm də məktəb rəhbərliyinin daim inkişafda olmasını təmin edər.

Ümumilikdə desək, yeni dəyişikliklər insan yönümlü, liderlik mərkəzli və inkişaf əsaslı olarsa, həm məktəblərdə idarəetmə keyfiyyəti yüksələr, həm də təhsildə sağlam rəqabət formalaşar. Məktəblərimizə sadəcə idarəçi deyil, təhsilə ruh verən, müəllimləri bir məqsəd ətrafında birləşdirən liderlər lazımdır”,- deyə G.Əkbərova qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyev rus ordusunu Bakıda qarşılayacaqdı