Ölkədə aparılan sertifikatlaşdırma prosesində indiyədək 80 mindən artıq müəllim iştirak edib. Nəticələrə əsasən, təxminən 50 min müəllimin əməkhaqqısına 10 faiz, 24 mindən çox müəllimin əməkhaqqısına isə 35 faizdən artıq artım tətbiq olunub.
Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” proqramında səsləndirib.
Nazir bildirib ki, proses zamanı 8 minə yaxın müəllim isə xüsusilə 2022-2025-ci illər üzrə qiymətləndirmələr nəticəsində vəzifə və peşə funksiyalarını lazımi səviyyədə yerinə yetirmədiyi üçün işdən azad edilib:
“Ümumi göstəricilərə görə, müəllimlərin 9 faizi işdən çıxarılıb, 30 faizi yüksək nəticə göstərərək əlavə ödəniş alıb, 61 faizi isə stabil və qənaətbəxş nəticə nümayiş etdirib”.
Nazir əlavə edib ki, sertifikatlaşdırmadan keçən hər 10 müəllimdən 9-nun əməkhaqqı artırılıb, yalnız 1 nəfər qeyri-kafi göstəricilər səbəbindən işdən azad edilib:
“Bu proses təhsildə keyfiyyətin yüksəldilməsinə xidmət edir və müəllimlərin peşəkarlığının artırılması Azərbaycan təhsilinin ümumi inkişafına müsbət təsir göstərir”,-deyə E.Əmrullayev qeyd edib.